DÖVLƏT ORQANLARINDA VAKANT İNZİBATİ VƏZİFƏLƏRİN TUTULMASI ÜÇÜN DAXİLİ MÜSAHİBƏ ELAN EDİLİR

Aprelin 6-dan Hesablama Palatası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyində inzibati vəzifələrin 1-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 7 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 1-ci təsnifatına uyğun olan Hesablama Palatası Aparatının rəhbəri vəzifəsidir.

Ümumilikdə isə Hesablama Palatasında 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2 və Qida Təhlükəsizliyi Agentliyində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən namizədlər aprelin 20-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.