
İyunun 24-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elan üzrə 40 dövlət orqanında mövcud olan 148 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 266 namizədlə 299 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsahibələrin iyulun 28-dən sentyabrın 11-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Mərkəz namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmalarını xahiş edir.