DÖVLƏT BÜDCƏSİNDƏN ÖZ MARAQLARI ÜÇÜN SUİ-İSTİFADƏ EDƏN FRANSALI MƏMURUN BAŞI YENİDƏN BƏLADADIR

2022-ci ildə son dərəcə bahalı “zirvə naharı”ndan sonra Overn Ron Alp (Auvergne Rhône Alpes) Regionu Şurasının sədri Loran Vokyenin (Laurent Wauquiez) başı yenidən bəladadır. Milli Maliyyə Prokurorluğunun haqqında araşdırma apardığı L.Vokye son iki ildə naharlara xərclədiyi dövlət maliyyəsi ilə yenidən gündəmə gəlib. Bu dəfə Overn Ron Alp (Auvergne Rhône Alpes) Regionu Şurasının sədri L. Vokye artıq narahat olmağa başlayıb və bahalı naharlara xərclənən həddindən artıq vəsaiti geri qaytarmağa hazır olduğunu bildirib.

2022-ci il dövlət hesabına dəbdəbəli şam yeməyinin təşkili ilə əlaqədar Milli Maliyyə Prokurorluğunun araşdırma apardığı L. Vokye bu dəfə Parisdə bahalı yeməklərə xərclədiyi vəsaitə görə Regional Hesablama Palatasının hədəfinə düşüb. Şikayətlər arasında yer alan L. Vokyenin iaşə xərcləri, xüsusilə də Parisdə deputatlar, senatorlar və jurnalistlərlə çoxsaylı nahar yeməyinə xərclədiyi vəsait Regional Hesablama Palatasını təəccübləndirib.

Yerli “Le Dauphiné Libéré” qəzetinin məlumatına görə, o, 2022-ci ildə naharlara 77 min 180 avro, 2023-cü ildə isə 45 min 988 avro vəsait xərcləyib. 2022-ci ilin martında yazıçı Mişel Houellebek ilə şam yeməyi 1248 avro olub.

Loran Vokye inandırmağa çalışıb ki, bu yeməklərin qiyməti barədə ona məlumat verilməyib. “Mən bunu öyrənəndə hesab etdim ki, bu, normal deyil, ona görə də həddindən artıq məbləğin ödənilməsini şəxsən təmin etmək qərarına gəldim”, – deyə L. Vokye bildirib.