DMİTRİ PESKOV HEYDƏR ƏLİYEVİN RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDAKI ROLUNDAN DANIŞIB

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət olub və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı naminə çoxlu işlər görüb.

Bu barədə Kremlin rəsmi nümayəndəsi jurnalistlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bildirib.

D.Peskov vurğulayıb: “O, tamamilə qeyri-adi şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyəti bizim bir zamanlar mövcud olmuş ümumi ölkəmizin tarixində, əbədi olaraq müasir Azərbaycanın tarixində və Rusiya-Azərbaycan münasibətlərinin tarixində qalıb”.

Kremlin rəsmisi əlavə edib ki, Rusiyada “azərbaycanlı dostlar ilə birlikdə bu əlamətdar tarixin sevincini” bölüşürlər. Rusiyanın dövlət başçısının mətbuat katibi deyib: “Əlbəttə, biz Heydər Əliyevin yuxarıda qeyd olunan bütün məsələlərdə rolunu xatirəmizdə yaşadırıq”.