DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN NÜMAYƏNDƏLƏRİ HƏRBİ QULLUQÇULARLA GÖRÜŞÜB

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu il üçün imzalanan birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri hərbi hissələrdə şəxsi heyətlə görüşüb, söhbətlər aparıblar.

Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıblar.

Sonra şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.