
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq məqsədilə “E-polis” mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Yeni tətbiq edilən “push” bildirişləri sayəsində “E-polis” istifadəçiləri artıq proqrama daxil olmadıqda belə sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında xəbərdar ediləcəklər.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu bildirişlər şəxsiyyət və sürücülük vəsiqələri, ümumvətəndaş pasportu və nəqliyyat vasitəsinin texniki baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil olunur.
Sistem vətəndaşa sənədinin etibarlılıq müddətinin başa çatmasına uyğun olaraq 30, 15 və 3 gün qalmış xəbərdarlıq göndərir. Bu isə hər kəsə sənədləri vaxtında yeniləməyə, əlavə vaxt itkisi ilə üzləşməməyə və inzibati məsuliyyət riskindən yayınmaq imkanı yaradır.
Bir sözlə, əgər vətəndaş əvvəllər sənədinin etibarlılıq müddətini özü izləməli idisə, indi bu işi sistem avtomatik olaraq görür və tətbiq istifadəçisini vaxtında xəbərdar edir. ““E-polis” tətbiqinin daima yenilənən funksiyaları və rəqəmsallaşan üsdünlüklərindən faydalanmağa tələsin”, – deyə məlumatda vurğulanıb.