Daxili İşlər Nazirliyi (DİN) azad edilmiş ərazilərə keçmək istəyənlərə mina ilə bağlı xəbərdarlıq edib.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, müharibə qalıqları – mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir:
“İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir. Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər.
Nəzərə alsaq ki, ərazidə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib”, – E.Hacıyev deyib.