DİM: ÜMUMİ MÜSAHİBƏLƏRƏ 74 VAKANT VƏZİFƏ ÇIXARILIB

İyulun 10-da elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ümumi müsahibələrə 15 dövlət orqanında mövcud olan 74 vakant vəzifə çıxarılıb. Bu vəzifələr üzrə namizədlərlə 188 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Dövlət Turizm Agentliyi, Maliyyə və iqtisadiyyat şöbəsi, aparıcı məsləhətçi (1 vakant yer üzrə 19 namizəd), Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri üzrə yaranıb.

Müsahibələrin avqustun 23-dən sentyabın 28-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.