“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilmə qaydası, proqramı və müddəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilib. Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
DİM-dən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə xüsusi hazırlığın nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, sürücülərə müvafiq sənədin verilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib.
Dövlət İmtahan Mərkəzi 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahanı avqustun 25-də keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.
İmtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 6 avqust saat 15:00‑dan 20 avqust saat 23:59-dək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar.