Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün qeydiyyatdan keçən bakalavrlara müraciət edib.
Mərkəzin internet saytında sorğu anketini doldurmaqla qeydiyyatdan keçənlər “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi“ni çap edib götürməli və 2021-ci il iyunun 10‑dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və bakalavr tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil veriləcək);
– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.
Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar. Tibbi maska taxmayan, həmçinin qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.