Mayın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
DİM-dən bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahan saat 11:00-da başlanıb. İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2020 nəzarətçi–müəllim, 263 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi cəlb edilib.
İmtahanda 21 min 521 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19 min 563 nəfər Azərbaycan, 1958 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5269 nəfəri oğlan, 16252 nəfəri isə qızdır. 18 min 480 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2542 nəfər əvvəlki illərin məzunudur. 69 nəfər ali təhsil müəssisələrinin, 430 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2007-ci ildəndir.
Bugünkü imtahanda 43 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.