Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.
Mərkəzdən bildirilib ki, abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların riayət etməli olduqları qaydalar və digər zəruri məlumatlar əksini tapıb.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
-İmtahana buraxılış vərəqəsi.
Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.