DİM: DÖVLƏT QULLUĞUNA QƏBUL İMTAHANINDA 1026 NƏFƏR UĞUR QAZANIB

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 1-də Bakıda və Naxçıvanda inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

DİM-dən bildirilib ki, imtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 8 nəfər, BA2 altqrupu üzrə 21 nəfər, BA3 altqrupu üzrə 52 nəfər, BA4 altqrupu üzrə 93 nəfər, BB1 altqrupu üzrə 125 nəfər, BB2 altqrupu üzrə 152 nəfər, BB3 altqrupu üzrə 229 nəfər, BB4 altqrupu üzrə 346 nəfər olmaqla, ümumilikdə 1026 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

İmtahan vermək üçün qeydiyyatdan keçən 3338 namizəddən 67 nəfər imtahana gəlməyib.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.

İmtahandan müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün dekabrın 4-dən 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

– Ali təhsil haqqında sənədin surəti;

– Əmək kitabçasının surəti (olduğu halda).

Apellyasiya komissiyasina müraciət etmək istəyənlər dekabrın 4-ü saat 10:00-dan dekabrın 6-sı saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.