Diasporla İş üzrə Dövlət Komitəsi “YAŞAT” marafonu ilə bağlı dünya azərbaycanlılarına müraciət edib.
Komitədən verilən məlumata görə, müraciətdə deyilir:
“Əziz həmvətənlər, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri hər birimizə sevinc və qürur hissi ilə yaşatdı. 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın 44 gün ərzində azad edilməsi doğma Vətənimizin qalib və qüdrətli dövlət olduğunu bir daha dünyaya sübut etdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, məhz xaricdə yaşayan soydaşlarımızın birliyi, mütəşəkkilliyi sayəsində Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Ermənistanın işğalçılıq siyasətinin, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, beynəlxalq hüquqa hörmətlə yanaşan hər bir kəsin problemi olduğu bəyan edildi.
Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gələn şanlı Qələbə hamımızı sevindirdi, lakin müharibə nəticəsində 2800 nəfərdən çox şəhidimiz, 100-lərlə qazimiz var.
“YAŞAT” xeyriyyə marafonu qələbəni bizə yaşadanları yaşatmaq, şəhid ailələrinin, qazilərimizin problemlərinin həllinə kömək etmək məsuliyyətindən irəli gələn zərurətdir. Mayın 25-dək marafonda 60-a yaxın ölkənin iştirakı dünya azərbaycanlılarının Vətənə sədaqətinin daha bir nümunəsi, diaspor-dövlət birliyinin sübutudur.
Mayın 25-i saat 21-00-da “YAŞAT” xeyriyyə marafonu Azərbaycan Televiziyasında (AzTV) bir neçə saat ərzində yayımlanacaq, həmçinin bu günə qədər olan nəticələrlə bağlı məlumat veriləcək. Marafon mayın 31-nədək davam edəcək və nəticələri ictimaiyyətə açıqlanacaq. Bir daha Sizi marafonu yaxından izləməyə və marafonda fəal iştiraka çağırırıq”.
Diasporla İş üzrə Dövlət Komitəsi marafonun əhatə dairəsinin geniş olmasında, kütləviliyində zəhməti olan hər bir soydaşımıza, şəhid və qazi ailələrini hər zaman diqqət mərkəzində saxlayan həmvətənlərimizə təşəkkür edir və minnətdarlığını çatdırır.