“ASAN xidmət”in və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına iyunun 29-30-da şagird seçiminin ilkin mərhələsi olan test imtahanı keçirilib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə M.İbrahimov adına 153, C.Cabbarlı adına 161 və 158 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6 və 7-ci sinfini bitirən 5000-dək şagird iştirak edib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ilk mərhələsində şagirdlər riyaziyyat, alqoritm, biologiya, fizika, kimya, ümumi dünyagörüşü istiqamətində sualları cavablandırıblar.
İmtahanın nəticələri bir həftə müddətində yoxlanılıb iştirakçıların valideynlərinə sms və elektron poçt vasitəsilə göndəriləcək.
İmtahanlarda ən yüksək nəticə göstərən şagirdlər müsabiqənin növbəti mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ qazanacaqlar.
“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Laboratoriyada təlim proqramı iki mərhələdən ibarətdir: ilk 24 ay layihə əsaslı tədris və 12 ay komanda dövrü. İştirakçılar 11 fərqli mövzuda (süni intellekt, robototexnika və kodlaşdırma, qabaqcıl robototexnika, elektron proqramlaşdırma və əşyaların interneti, enerji texnologiyaları, nanotexnologiya və materialşünaslıq, aviasiya və kosmik texnologiyaları, mobil tətbiq, kibertəhlükəsizlik, proqram təminatı texnologiyaları, dizayn və istehsal) texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçəcəklər. Hər təlim proqramının sonunda isə komanda şəklində layihələrini inkişaf etdirərək onun nümayişini həyata keçirəcəklər.
“Deneyap” texnologiya laboratoriyasına ilk imtahan 2022-ci ildə keçirilib. Proqramın birinci yazılı imtahan mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.