
Yaxın illərdə Aİ-də qaza tələbat 80 faiz azala bilər və bu vəziyyətdə hidrogen ölkələrin ehtiyacı olan yanacağa çevriləcək.
Bu barədə “Deloitte” şirkətinin nümayəndəsi Yohnnes Trubi 29-cu Bakı Enerji Forumunda çıxışında deyib.
Bu qlobal konsaltinq şirkətinin araşdırmalarına görə, dünyada təmiz hidrogenə tələbat 60-100 milyon ton olacaq, lakin, misal üçün, Aİ bu həcmi istehsal edə bilməyəcək.
“Bu baxımdan, nəzərlər qaz kəmərlərinin Aİ-yə uzandığı ölkələrə, xüsusilə Afrika ölkələri, Ukrayna və Azərbaycana yönəlib”, – deyə Trubi vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycana tam hidrogen strategiyası lazımdır.
“Bu, dəqiq siyasi qərar tələb edir, çünki hidrogen iqtisadiyyatı bahadır və böyük investisiyalar tələb edir”, – o deyib.
O, Azərbaycanın qarşısında duran mühüm çağırışlar arasında hidrogen üzrə ekoloji standartlara uyğunluğu qeyd edib.
“Azərbaycan, həmçinin, hidrogendən daxili istifadə və ixracı məsələləri barədə düşünməlidir”, – o deyib.