DEKABRIN 21-DƏ BAKI METROSUNUN STANSİYALARI SAAT 04:00-DA AÇILACAQ

“Bakı Metropoliteni” QSC futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edəcək.

QSC-dən bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metrosunun bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.

“Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. “Bakı Metropoliteni” QSC-nin həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq”, – deyə məlumatda bildirilir.