DAYANIQLI ENERJİ TƏCHİZATINDA ÜMİDİNİ AZƏRBAYCANA BAĞLAYAN AVROPA ÖLKƏLƏRİNİN SAYI ARTIR

Cari ilin əvvəlindən Rusiya qazının Ukraynadan keçməklə Avropa İttifaqına tranzitinin dayandırılması artıq Qərbdə öz fəsadlarını göstərir. İndi bir sıra Avropa ölkələri təbii qazla təminat sarıdan ciddi çətinliklər yaşayırlar.  Mövcud vəziyyətdə Avropa ölkələrinin alternativ mənbələrdən idxalın artırılmasına ehtiyacı artır və bu kontekstdə yenə Azərbaycan üzərində daha çox diqqət cəmlənir. Belçikanın Brüssel şəhərində Slovakiyanın üzləşdiyi qaz təchizatı problemi ilə bağlı Avropa Komissiyası və Slovakiya arasında yaradılmış İşçi qrupunun ilk iclasında Azərbaycanın da təmsil edilməsi bu mənada təsadüfi  xarakter daşımır.

Qeyd edilməlidir ki, Slovakiya Rusiya qazının əsas idxalçılarından biri olub və bu “mavi yanacaq” Ukrayna ərazisi vasitəsilə sözügedən ölkəyə çatdırılıb. Amma bu ilin əvvəlindən Ukrayna ərazisi ilə tranzitin dayanması Slovakiyanın enerji təminatında əlavə problemlərlə üzləşməsinə səbəb olub. Avropa İttifaqı məsələni müzakirəyə çıxararaq,  Avropa Komissiyası, Slovakiya və Ukraynadan qaz tranziti problemini həll etməyi xahiş edib. Bununla bağlı qurumun Avropa İttifaqı ölkələrinin fövqəladə sammitində qəbul edillmiş sənədində deyilir ki, təşkilatın dövlət və hökumət başçıları Avropa Komissiyasından, Slovakiyadan və Kiyevdən Rusiya qazının Ukrayna ərazisindən tranziti probleminin, o cümlədən onun bərpası yolu ilə həlli istiqamətində səyləri gücləndirməyi xahiş edirlər. Ancaq Rusiya və Ukrayna arasında münasibətlərin indiki xarakteri  Ukrayna üzərindən qaz tranzitinin bərpası ehtimalının çox aşağı olduğunu göstərir. Bu da müəyyən Avropa ölkəlrinin təbii qazla təminat sarıdan üzləşdikləri problemin davam edəcəyini, məsələnin əsas həllinin alternativ mənbələrdən idxalın artımı  hesabına mümkünlüyünü göstərir.

Hazırda əsas alternativ və həm də etibarlı mənbələrdən biri qismində Azərbaycan bir çox Avropa ölkələrinin ümid yeri hesab olunur. Avropa Komissiyası və Slovakiya arasında yaradılmış İşçi qrupunun ilk iclasında bu, bir daha öz təsdiqini tapdı. Burada Avropa Komissiyası və Slovakiya Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini yenidən vurğulayıblar. Elə bu kontekstdə həm təbii qazın tədarükü, həm də “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət və dəstəyə hazırlıq ifadə olunub. Azərbaycan müvafiq fəaliyyət həyata keçiriləcəyi təqdirdə Avropaya təbii qaz ixracını artırmağa hazırdır. Avropa Komissiyası və Slovakiya arasında yaradılmış İşçi qrupunun ilk iclasında ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə təqdimat edilib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb. Azərbaycanın enerji dəhlizlərinin yaradılması istiqamətində strateji rolundan bəhs edilərək Avropa tədarükçüləri ilə əməkdaşlığın genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasına dair dialoqa ölkəmizin töhfə verməyə hazır olduğu bildirilib.

Bununla yanaşı, iclasda bərpa olunan enerjidən istifadənin inkişafı və ixrac planları haqqında məlumat verilib, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Mərkəzi Asiya-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin reallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bu vəziyyətdə qəbul edilir ki, Azərbaycan təkcə təbii qaz və neft yox, tezliklə yaşıl enerji baxımından da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Nəzərə alınmalıdır ki, Avropa İttifaqı bərpa olunan enerji mənbələrinə keçidi ortamüddətli perspektiv üçün strateji prioritetlərindən biri kimi müəyyən edib. Bu keçid prosesində Avropaya dayaq olacaq tərəflərdən biri məhz Azərbaycandır. Mövcud vəziyyətdə Avropanın bir sıra ölkələri təbii qazla təminat sarıdan üzləşdikləri çətinlikləri məhz Azərbaycanın köməyi ilə həll etməyə ümid edirlər.

Slovakiya ilə yanaşı, Sloveniya da enerji təchizatında Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Xatırlatmaq lazım gəlir ki, Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumerin 2024-cü ilin iyulunda Bakıya səfəri zamanı Azərbaycandan Sloveniyaya təbii qaz tədarükü ilə bağlı müzakirələr aparılıb və Sloveniyanın “Geoplin” şirkəti ilə SOCAR arasında təbii qaz tədarükü sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. Avropanın daha bir ölkəsi olan Bolqarıstan üçün də Azərbaycan qazı həyati önəm kəsb edir. Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov bu xüsusda bildirir: “Energetika tərəfdaşlığımızın əsas sahələrindən biridir. Bu sahədə əlaqələrimiz strateji əhəmiyyət kəsb edir. Azərbaycan Bolqarıstanın illik qaz istehlakının demək olar ki, yarısını təmin edir və biz enerji əlaqələrinin daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”.

Belə misallar qismində görünən odur ki, Azərbaycan ilk növbədə Cənubi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyində rolunu artırmaqda davam edəcək. Xüsusən də Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya qaz nəqlinin bundan sonra da artması davam edəcək. O da qeyd olunmalıdır ki, əgər 2021-ci ildə Azərbaycan qazının Avropaya tədarük həcmi 8 milyard kubmetr təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 12,9 milyard kubmetr təşkil edib. 2027-ci ilə kimi bu göstərici 20 milyard kubmetr olacaq. Lakin həmin vaxta qədər müəyyən addımların atılması, ilk növbədə infrastruktur imkanlarının genişləndirilməsi ilə Azərbaycandan Avropaya daha çox həcmdə təbii qaz axa bilər. Hazırda 10 Avropa ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Yaxın tezlikdə bu say daha da artacaq.  Bundan əlavə, Azərbaycan digər mənbələrdən, ilk növbədə Orta Asiyadan təbii qazın Avropaya nəqlində də tranzit funksiyasını yerinə yetriməyə hazırdır. Eləcə də, Orta Asiya ölkələri hasil etdikləri yaşıl enerjinin də Azərbaycan vasitəsilə Avropaya çatdırılmasına xüsusi maraq göstərirlər. Bununla bağlı artıq müəyyən addımlar da atılıb.

Bütün qeyd edilənlər həm də Azərbaycana uğurlu enerji diplomatiyası həyata keçirməyə imkan verir ki, bu da ölkəmizin dünyada yeri və rolunu daha da gücləndirməyə xidmət edən əsas faktorlardan biri hesab olunur. Enerji resurslarının istehsalı, nəqli artıq ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinə birbaşa təsir edir. Azərbaycan enerji resurslarından iqtisadiyyatının davamlı inkişafı və texnoloji yenilənməsi, əhalinin həyat səviyyəsinin mütəmadi yüksəlməsi üçün uğurla istifadə edib və etməkdədir. Eyni zamanda bu müstəvidə yürüdülən səmərəli siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini davamlı şəkildə möhkəmləndirib, tərəfdaşlarının sayını daha da artırırb. Ölkəmizdə enerji diplomatiyası konseptual əsaslar və mexanizmlər üzrə həyata keçirilir. Bu kontekstdə Azərbaycanla əməkdaşlıq münasibətləri quran ölkələrin, təşkilatların, şirkətlərin sayı artmaqda davam edir. Nəzərə alınır ki, Azərbaycan böyük resurs bazasına, unikal coğrafi mövqeyinə və əhəmiyyətli enerji potensialına malikdir. Bu da o deməkdir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu bundan sonra da davam edəcək və “köhnə dünya”nın təmsilçiləri sözügedən istiqamətdə ölkəmizlə işbirliyini daha da dərinləşdirəcəklər.

MTM Analitik Qrup