Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutu 2025-2026-cı tədris ili üçün tələbə qəbulu elan edir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Daxili Qoşunların Hərbi İnstitutuna qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 1,65 santimetr, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.
Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılan fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilən normativlər üzrə sınaqdan keçməlidirlər. Fiziki hazırlıq üzrə minimal normativlərə turnikdə dartınma çəkisi 80 kiloqramadək 10 dəfə və çəkisi 80 kiloqramdan yuxarı olanlar üçün isə 8 dəfə, qaçış 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi 20 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi 20 dəfə daxildir.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
İnstituta qəbul olunan şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Daxili Qoşunların Hərbi İnstitutunda tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.
İnstitutu müvəffəqiyyətlə bitirən məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2025-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili Qoşunların Hərbi İnstitutuna qəbul edilmir.
İnstituta qəbul üçün namizədlər Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, R.Hüseynov küçəsi 4) şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti), yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri, təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti), ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə, 9×12 santimetr ölçüdə 2 ədəd, 4×6 santimetr ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda), 2 nüsxədə olmaqla yaşayış yeri və ailə tərkibi haqqında arayışı şəxsən təqdim etməlidirlər.
İnstituta namizədlərin ərizə və sənədlərinin qəbulu 2025-ci il martın 1-dən aprelin 20-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.
Məlumat üçün (012) 560-27-00, (012) 513-23-06, (012) 590-65-38 nömrələri ilə əlaqə saxlamaq olar.