DAŞKƏSƏNDƏ YENİ SEYSMİK STANSİYA QURAŞDIRILIB

Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Daşkəsən rayonunda yeni seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.

Bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, İsmayıllı rayonunun Zərnava kəndində isə yeni seysmik stansiyanın quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində mərkəz tərəfindən respublika ərazisində 22 seysmik stansiya quraşdırılacaq. Bununla da ölkə ərazisində seysmik stansiyaların sayı 84-ə çatacaq. Seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi respublika ərazisində aparılan seysmik tədqiqatların keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Məlumat üçün bildirək ki, RSXM seysmik stansiyaların quraşdırılması və fəaliyyətinə, eləcə də aparılan kompleks geofiziki-seysmoloji tədqiqatların səviyyəsinə görə təkcə regionda deyil, MDB ölkələri, eləcə də Yaxın Şərq və Avropa ölkələri arasında liderdir.