
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq.
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat-xidməti məlumat yayıb.
“Tədbirə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın dövlət və hökumət başçıları qatılacaq. Sammit iştirakçıları ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər”, – deyə məlumatda bildirilir.
Həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammit çərçivəsində bir neçə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Mənzil qərargahı Tehranda yerləşən İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis olunub.