
Azərbaycan-ABŞ münasibətlərində yeni yüksəliş mərhələsinin əhatə etdiyi əsas istiqamətlərdən biri də iqtisadi sferadır və bu, tamamilə təbii xarakter daşıyır. Artıq iqtisadi müstəvidə son günlərdə intensiv fəaliyyətin həyata keçrilməsi müşahidə edilir. Prezident İlham Əliyevin ABŞ-yə səfəri və keçirdiyi görüşlər isə prosesin dinamizmini artırır. Daha bir mühüm nüans odur ki, indi hər iki tərəf qarşılıqlı münasibətlərin, xüsusən də iqtisadi əlaqələrin dərinləşməsində xüsusilə maraqlıdırlar. Eyni zamanda Azərbaycanın istər enerji təminatçısı, istərsə də nəqliyyat-logistika baxımından Qərb üçün artan əhəmiyyətini ABŞ-da da aydın sezirlər. Bu da okeanın o tayında Azərbaycana diqqət və marağı daha da artırır.
Faktdır ki, Azərbaycanla Birləşmiş Ştatları arasında iqtisadi əməkdaşlıq enerji sektorundan başlayaraq, ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyaları və nəqliyyat-logistika kimi müxtəlif sahələri əhatə edir. Son 30 ildə formalaşmış iqtisadi tərəfdaşlıq münasibətləri regional sabitlik, qarşılıqlı fayda və davamlı inkişaf məqsədlərinə xidmət edir. O da bəllidir ki, Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının əsas sütunlarından biri enerji sahəsidir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ABŞ şirkətləri Azərbaycanın neft-qaz sektoruna böyük həcmdə investisiya yatırmağa başlayıb. “ExxonMobil”, “Chevron” və digər iri Amerika şirkətləri Xəzər hövzəsinin enerji resurslarının istismarında mühüm rol oynayıblar. ABŞ Azərbaycanın enerji ixracının şaxələndirilməsi, xüsusən də Avropaya alternativ marşrutların yaradılması istiqamətində mühüm dəstək verib. Bakı–Tiflis–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələrdə ABŞ hökuməti və şirkətlərinin iştirakı Azərbaycan iqtisadiyyatının qlobal enerji bazarına inteqrasiyasına şərait yaradıb. Bundan sonra da tərəflər enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdırlar. Prezident İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması bunun daha bir təzahrüdür.
Qeyd edilməlidir ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” da imzalanacaq. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edəcək: enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə; müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq. Bütün bunlar həm də onun təzahürüdür ki, ABŞ ilə Azərbaycan arasında iqtisadi münasibətlər digər istiqamətlərdə də yeni inkişaf yoluna qədəm qoyacaq. Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ Prezidenti Donald Trampın “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalamasının gözlənilməsi isə münasibətlərin inkişafında mühüm bir maneəni aradan qaldırmış olacaq. Ən əsası da sözügedən sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq.
Azərbaycan və ABŞ iqtisadi münasibətlərin inkişafının müasir tələblər çərçivəsində qurulmasına da xüsusi diqqət edirlər. Elə bundan irəli gəlir ki, Azərbaycan–ABŞ münasibətlərində informasiya texnologiyaları və innovasiya sahəsi getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına əlverişli şərait yaradır. Azərbaycanın coğrafi mövqeyi isə ABŞ üçün Avrasiya regionunda mühüm tranzit qapısı rolunu oynayır. İpək Yolu üzərində yerləşən Azərbaycan, ABŞ şirkətləri üçün Mərkəzi Asiya və Avropa bazarlarına çıxış imkanı yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tiflis–Qars dəmir yolu, Şimal–Cənub, Şərq-Qərb dəhlizləri ABŞ biznes dairələrinin ölkəmizə marağını daha da artırır.
Amerika şirkətləri Azərbaycanda birbaşa investisiya qoyuluşlarında mühüm yer tutur. ABŞ investorları təkcə enerji sektorunda deyil, həm də tikinti, maliyyə xidmətləri, turizm, qida sənayesi kimi sahələrdə fəaliyyət göstərir. ABŞ-ın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar qeyri-neft sektorunun inkişafına da mühüm təkan verir. Son illərdə Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişlənməkdədir. Bu fonda ərzaq təhlükəsizliyi sahəsində də əməkdaşlıq olduqca önəmlidir. İqlim dəyişikliyi, su ehtiyatlarının azalması və əkinçilikdə yeni texnologiyaların tətbiqi kimi məsələlərdə ABŞ təcrübəsi Azərbaycanın kənd təsərrüfatı strategiyasına böyük töhfə verir. Bərpa olunan enerji mənbələri yeni əməkdaşlıq istiqaməti kimi ön plana çıxır. Bundan başqa, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi strategiyası ilə ABŞ-nin qabaqcıl texnologiya və kapital imkanlarının birləşməsi qarşılıqlı fayda gətirə bilər.
Proseslər, atılan addımlar göstərir ki, Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının perspektivləri olduqca genişdir. Belə əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Müxtəlif sahələr, o cümlədən enerji, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat və təhsil kimi sferalarda mövcud əməkdaşlıq münasibətləri qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Bu əlaqələrin daha da gücləndirilməsi Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyini möhkəmləndirməyə, ABŞ üçün isə Cənubi Qafqaz və Avrasiya regionunda əlavə imkanların yaranmasına xidmət edir.
MTM Analitik Qrup