CÜDOÇUMUZ AVROPA BİRİNCİLİYİNDƏ GÜMÜŞ MEDALA SAHİB OLUB

Lüksemburqda gənc cüdoçular arasında Avropa birinciliyinə start verilib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Azərbaycanın xanım cüdoçusu nüfuzlu yarışda uğurla çıxış edib. Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva ispaniyalı Eva Peres və portuqaliyalı Raquel Britonu məğlub edərək yarımfinala çıxıb. Yarımfinalda israilli Sindi Vainşteyn üzərində qələbə qazanan cüdoçumuz finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı İrena Xubulova olub. Bu qarşılaşmada məğlub olan cüdoçumuz gümüş medala layiq görülüb.

Bu gün mübarizəyə başlayan digər cüdoçularımız – Qasım Vəlizadə, Turan Bayramov (hər ikisi 60 kq), Çingiz Fəttahov, Rəşad Quluzadə (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Ülviyyə bayramova (57 kq) isə qitə birinciliyini medalsız başa vurublar.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək yarışda 43 ölkədən 350-dən çox cüdoçu mübarizə aparır.