ÇÖVKƏN ÜZRƏ PREZİDENT KUBOKUNDA MÜBARİZƏ APARACAQ KOMANDALAR BƏLLİ OLUB

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çövkən üzrə Prezident Kubokunda iştirak edəcək komandalar açıqlanıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, dekabrın 15-24-də Binə Atçılıq Mərkəzində baş tutacaq yarışda “Sərhədçi-Dilbaz”, “Şirvan”, “Sərhədçi-Qarabağ”, “Zəfər”, “Polad”, “Embavood”, “Köhlən” və “Omar” çövkən komandaları qüvvəsini sınayacaqlar. Səkkiz kollektiv hərəsində dörd komanda olmaqla iki qrupda mübarizə aparacaq.

Prezident Kubokuna dekabrın 15-də start veriləcək. İlk oyun saat 10:00-da, növbəti iki qarşılaşma müvafiq olaraq, 11:00 və 12:00-da başlayacaq.

Saat 15:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.

Qrup oyunlarının nəticələrinə əsasən, ilk iki pilləni tutan komandalar yarımfinala yüksələcəklər. Yarışlar bütün oyun günləri saat 10:00-da start götürəcək.