ÇÖVKƏN MİLLİ ATÜSTÜ OYUNU ÜZRƏ “PREZİDENT KUBOKU” TURNİRİNƏ START VERİLİB

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə start verilib.

ARAF-dan bildiriblər ki, səkkizinci dəfə təşkil olunan turnirdə bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən olunmuş milli cins atlardan istifadəyə icazə verilir. Bu şərtlərə əməl edən altı komandanın iştirakı ilə keçiriləcək yarışlarda ümumilikdə 10 qarşılaşma oynanılacaq.

Püşkatmanın nəticələrinə əsasən, üç güc səbətindən eyni reytinqə sahib olan komandalar iki qrupa ayrılıb. A qrupunda “Sərhədçi”, “Buta Qolden” və “Köhlən”, B qrupunda isə “Polad”, “Murad” və “Omar” komandaları yer alıblar.

Turnirin açılış gününün ilk oyununda “Buta Qolden” komandası “Köhlən” komandası üzərində 9:0 hesablı qələbə qazanıb. İkinci görüşdə “Murad” komandası “Omar”ı 2:1 hesabı ilə məğlub edib.

Yarış dekabrın 18-dən 20-dək qrup oyunları, 22-dən 24-dək isə yarımfinal və final mərhələləri ilə davam edəcək. Qrup və yarımfinal oyunları Bakı Dövlət Cıdır Meydanında, final oyunu isə Binə Atçılıq Mərkəzində açıq havada və tamaşaçıların iştirakı olmadan keçiriləcək.