COVID-19 PASPORTU VƏ MASKA TƏLƏBİ QÜVVƏDƏ SAXLANILIB

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.

2022-ci il martın 6-dan etibarən ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə icazə veriləcək. O cümlədən sabahdan ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət və pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları ləğv ediləcək.

Ancaq etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) ictimai iaşə obyektlərində xidmətlərdən istifadə edə bilər. O cümlədən ictimai iaşə müəssisələrində digər tələblər – girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə də qüvvədə saxlanılır.