Qlobal iqlim dəyişikliyi dünyanın üzləşdiyi ən böyük ekoloji problemlərdən biridir və bu problemin həllində hər bir ölkənin rolu böyük əhəmiyyət kəsb edir. Son illərdə Türkiyə də iqlim dəyişikliyi ilə mübarizə istiqamətində fəal addımlar atmaqda və beynəlxalq arenada bu sahədəki töhfəsini artırmaqda qərarlıdır. Xüsusilə, Türkiyənin COP31 sammitinə ev sahibliyi etməklə bağlı namizədliyini irəli sürməsi ölkənin bu istiqamətdəki səylərinin göstəricisidir. Bu barədə Bakıda keçirilən COP29 sammitində məlumat verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim dəyişikliyinin maliyyələşdirilməsi məsələsində də qərarlıdır. O, ölkəsinin 2009-cu ildə Danimarka İqlim Sammitində elan edilmiş illik 100 milyard dollarlıq maliyyə hədəfinin 2025-ci ildən sonra da davam etdirilməsinə və əlavə mexanizmlərə dəstəyini ifadə edib. Deməli, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə əsas tendensiyaları qətiyyətlə müdafiə edir və bunun nəticəsidir ki, 2021-ci ildə Türkiyə Paris İqlim Sazişini ratifikasiya edərək qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq öhdəlik götürüb. Bu addım ölkənin karbon emissiyalarını azaltmaq və 2053-cü ilə qədər karbon neytrallığına nail olmaq məqsədini ortaya qoyub. Saziş çərçivəsində Türkiyə özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədini təqdim edərək, istixana qazı emissiyalarının 2030-cu ilə qədər 21 faizə qədər azaldılması öhdəliyini götürüb.
Xüsusi vurğulamaq lazımdır ki, son illərdə Türkiyə bərpa olunan enerji sektoruna böyük yatırımlar həyata keçirib. 2023-cü il etibarilə ölkənin enerji istehsalının 54 faizi bərpa olunan mənbələrdən, o cümlədən günəş, külək, su elektrik stansiyalarından gəlir. Xüsusilə külək və günəş enerjisi sahəsində sürətlə inkişaf edən Türkiyə bu sahədəki investisiyaları artıraraq enerji tələbatını bərpa olunan mənbələr hesabına ödəmək niyyətindədir. 2030-cu ilə qədər bərpa olunan enerji potensialının 60 faizə çatdırılması hədəflənir.
Türkiyə həmçinin şəhərsalma və nəqliyyat sektorunda iqlim dostu layihələrinə də önəm verir. “Yaşıl şəhər” təşəbbüsü çərçivəsində Türkiyə böyük şəhərlərdə karbon emissiyalarını azaltmaq üçün geniş yaşıl zonaların və parkların yaradılmasına, velosiped yollarının genişləndirilməsinə və elektrik nəqliyyat vasitələrinin təşviqinə çalışır. “Nul karbon şəhərlər” layihəsi çərçivəsində Türkiyənin müxtəlif bölgələrində pilot layihələr həyata keçirilir ki, burada sıfır karbon emissiyasına nail olmaq üçün yeni texnologiyalar və şəhərsalma üsulları tətbiq olunur. Bu baxımdan Türkiyənin COP31 sammitinə ev sahibliyi etmək təşəbbüsü onun qlobal iqlim dəyişikliyi məsələlərində liderlik rolunu gücləndirmək və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır. Bu sammitin Türkiyədə keçirilməsi həm də ölkənin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa olan sadiqliyini nümayiş etdirəcək. Bu hadisə bölgədə ekoloji məsələlərə diqqətin artırılmasına və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edə bilər ki, Türkiyə hökuməti bu istiqamətdə də səylərini artırmaq niyyətindədir.
Bir məqamı da vurğulamaq lazımdır ki, Türkiyənin COP31-ə ev sahibliyi etməsi, xüsusilə Yaxın Şərq, Qafqaz və Balkan regionlarında iqlim məsələlərinə diqqəti artıra bilər. Çünki bu regionlarda ətraf mühit problemləri və iqlim dəyişikliklərinin təsirləri ciddi şəkildə hiss edilir və regional əməkdaşlıq bu məsələlərin həllinə yol açar. Sammitin Türkiyədə keçirilməsi ölkənin Avropa İttifaqı ilə münasibətlərinə də müsbət təsir göstərər. Çünki Türkiyə Avropa İttifaqının “Yaşıl razılaşma” strategiyası çərçivəsində bərpa olunan enerji və karbon emissiyalarının azaldılması sahəsində əməkdaşlıq etmək niyyətindədir. COP31 sammiti isə bu əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaradar.
Daha bir mühüm məqam Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə maliyyə öhdəliklərinə sadiqliyidir. Ölkə bu fonda 2030-cu ilə qədər 2 milyard dollara qədər vəsait ayırmağı hədəfləyir. Bundan əlavə, Türkiyə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edərək iqlim layihələri üçün kredit və investisiyalar cəlb edir. Bu təşəbbüslər ölkənin həm öz iqlim strategiyalarını həyata keçirməsinə, həm də digər ölkələrə dəstək olmasına şərait yaradır. Türkiyə həmçinin “iqlim ədaləti” prinsipinə önəm verərək karbon emissiyalarının azaldılması prosesində sosial bərabərliyi qorumağı hədəfləyir.
MTM Analitik Qrup