İqlim dəyişmələrinə qarşı mübarizə bütün dünya ölkələri üçün getdikcə daha aktual xarakter daşıyır. Bu məsələ əslində, çoxdan qlobal mahiyyət daşıdığından onun fəsadlarının aradan qaldırılması kollektiv mübarizə səyləri tələb edir. Belə kollektiv mübarizə üçün “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə ölkələrin bir araya gəlməsində liderlik nümayiş etdirən Azərbaycan bununla iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırılmasına da müstəsna töhfələr vermiş olur.
İnklüziv və dayanıqlı xarakterə malik yaşıl dünya qurulmasını fəaliyyətində prioritet elan edən Azərbaycanın daha bir mühüm uğuru iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırılmasında, preventiv tədbirlərin görülməsində Qlobal Şimalla Qlobal Cənub arasında dialoqun genişlənməsinə nail olmasıdır. Dünyanın diqqət mərkəzində yer alan bir nömrəli tədbir kimi COP29 bu dialoq üçün ideal platforma rolunda çıxış edir. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaradılmasında, iqlim böhranının aradan qaldırılmasında konsensusa nail olmaq baxımından COP29 zəruri önəm kəsb edir. Məhz bu tədbir ölkələri inkişaf səviyyəsindən və digər göstəricilərindən asılı olamayaraq, yaşıl dünya naminə bir araya gətirir.
Ümumiyyətlə, proseslər göstərir ki, COP29 həm də yaşıl dünyanın qurulması baxımından ölkələrin həmrəyliyi baxımından tarixdə öz yerini alacaq. Bu da öz növbəsində iqlim dəyişmələrinə qarşı mübarizəyə Azərbaycanın verəcəyi ən böyük töhfələrdən biri olacaq. COP29-un gündəliyi, təşəbbüsləri davamlı, yaşıl gələcək qurmaq istiqamətində qlobal dialoqu, müvafiq yanaşmaların inkişafını və sözügedən istiqamətdə birgə fəaliyyəti təşviq edir. Görünən odur ki, bütün bunlar COP29 iştirakçıları tərəfindən də təqdir olunur. Beləliklə, beynəlxlaq miqyasda qəbul edilir ki, COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal gündəliyin müəyyən edilməsi ilə yanaşı, müvafiq fəaliyyətin həyata keçirilməsində də mühüm rola malik olacaq. Məhz burada alınacaq qərarlar qlobal istiləşməni məhdudlaşdırmaq və istixana qazları emissiyalarını azaltmaqda həyati önəm kəsb edəcək. Bu və digər məqsədlər beynəlxalq iqlim diplomatiyasının inkişafına da əlavə töhfələr verəcək, ölkələrin iqlim siyasətinə müsbət yöndə böyük təsirlər göstərəcək.
Bəllidir ki, iqlim dəyişikliyi milli sərhədləri aşan qlobal problemdir və onun həlli yolları kollektiv fəaliyyət tələb edir. Elə bu kontekstdə də COP29 ölkələrə müvafiq danışıqlar aparmaq, ümumi çağırışları müzakirə etmək və iqlim fəaliyyətinə dair konsensus yaratmaq üçün çoxsaylı fürsətlər yaradır. Gözlənilir ki, COP29 beynəlxalq ictimaiyyətin qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq hədəfinə nail olmaq üçün yeni mühüm qərarların qəbulu ilə yaddaşlarda qalacaq. Bu tədbir eyni zamanda ortaq məsuliyyət və qarşılıqlı cavabdehlik kimi məsələlərdə də irəliləyişlər əldə olunmasında böyük önəm kəsb edəcək, həmçinin hər bir ölkənin iqlim məqsədlərinə doğru irəliləyişinin bir qədər də sürətlənməsinə əlavə təkan verəcək.
Bütün bunlara nail olunmasında ölkələr arasında dialoqun mövcudluğu mühüm şərtdir. COP29 bu mənada inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dialoqu asanlaşdırır, resurslar və məsuliyyətlər arasında balanssızlığı aradan qaldırır. Daha zəngin ölkələr iqlim təsirlərinə ən həssas olan inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstək verməyə çağırılır. Elə bu fonda COP29 iqlim böhranının təsirinin azaldılması və uyğunlaşma təşəbbüslərini dəstəkləmək üçün inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan dövlətlərə maliyyə resurslarını yönəltmək baxımından əhəmiyyətli qərarların qəbul ediləcəyi platforma kimi görülür.
Şübhəsiz ki, COP29 bərpa olunan enerji, davamlı inkişaf və yaşıl texnologiyaların təşviqi ilə yaşıl iqtisadiyyata qlobal keçidin sürətləndirilməsində mühüm rol oynayacaq. Konfransda müzakirələr və öhdəliklər iştirakçıları günəş, külək, su və digər aşağı karbonlu həllərdən istifadəyə təşviq edəcək. O da xüsusi qeyd olunmalıdır ki, COP29 təkcə hökumət danışıqları üçün məkan deyil, həm də vətəndaş cəmiyyəti və özəl sektorun yaşıl dünyanın qurulmasında fəal rol oynaması üçün platformadır. Fəallar, elm adamları, özəl sektor təmsilçiləri və ətraf mühit təşkilatları COP29-dan daha güclü iqlim siyasətlərini müdafiə etmək, iqlim dəyişikliyinin təsirləri haqqında məlumatlılığı artırmaq və davamlı gələcək üçün həll yollarını təşviq etmək üçün fürsət kimi istifadə edəcəklər. Azərbaycan bunun üçün də müvafiq şərait yaradır. Bununla COP29 qlobal dialoqu asanlaşdırmaq, beynəlxalq əməkdaşlığı təşviq etmək və iqlim fəaliyyətinə təkan verməklə yaşıl dünyanın qurulmasında mühüm əhəmiyyət kəsb edəcək.
MTM Analitik Qrup