COP29 XÜSUSİ REJİM TƏTBİQ OLUNMADAN KEÇİRİLƏCƏK

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əvvəlki analoji tədbirlərlə müqayisədə mövzu və təşkilati işlər baxımından daha rəngarəng, həmçinin yeniliklərlə zəngin olacağı gözlənilir. Ümumiyyətlə, budəfəki tədbirin tarixi xarakterli nəticələrlə yadda qalacağı proqnozlaşdırılır. Səbəb Azərbaycanın COP prosesinə yenilik gətirəcək təşəbbüslərlə çıxış etməsi, bu təşəbbüslərin əsasında konkret qərarların qəbulu istiqamətində müvafiq fəaliyyət həyata keçirməsidir.

COP29 sessiyasında ümumən 60 qərarın qəbul edilməsi nəzərdə tutulur və onlardan bəziləri iqlim dəyişikliyinə qarşı mübarizədə tarixi önəm kəsb edəcək. İqlim maliyyəsi və karbon bazarlarının formalaşması kimi qərar layihələri buna konkret nümunə olaraq göstərilə bilər. Yenə COP tarixində ilk dəfə olaraq 29-cu sessiyada hərbi əməliyyatların iqlimə zərər verən, atmosferdə zərəli tullantıların artmasına səbəb olan fəaliyyət növü kimi təsnif olunması nəzərədə tutulur. Bu kontekstdə Azərbaycan iqlim böhranının həlli üçün aparılan danışıqlar zamanı silahlı münaqişələrin dayandırılması məqsədilə Qlobal Atəşkəs Çağırışı ilə də çıxış edir. Artıq dünyanın 130-a yaxın ölkəsi bunu dəstəkləyib.

Bütün bunlar COP29-un iqlimlə bağlı mübarizədə çoxsaylı yeniliklərlə yadda qalacağına xidmət edən misalların az bir hissəsidir. Tədbirin yüksək səviyyədə baş tutması, iştirakçılar üçün hər cür şəraitin yaradılması da ölkəmizdə xüsusi diqqət mərkəzində yer alır. Prezident İlham Əliyevin cari ilin sentyabrın 10-da və oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə blavasitə yerində tanış olması bunun bilavasitə təzahürüdür. Prezidentin köməkçisi Anar Ələkbərovun sözlərinə görə, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır. Ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlər ümumiyyətlə, təşkilatçılığın ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Bakı Olimpiya Stadionunun ərazisinə təşkil edilən mediatur da bunu əyani surətdə nümayiş etdirir.

Prezidentin köməkçisi Anar Ələkbərovun sözlərinə görə, çox qısa müddət ərzində, demək olar ki, 9 aya yaxın müddətdə Təşkilat Komitəsi və COP29 Əməliyyat Şirkəti dünya forumuna hazırlığı uğurla başa çatdıra bilib. Bu zaman Azərbaycan hökuməti xarici əməliyyat şirkətlərinin irəli sürdüyü təkliflərin baha başa gəlməsi səbəbindən onları qəbul etməyərək, hazırlıqla bağlı bütün işləri öz gücü və resursları ilə həyata keçirib. Görülən işlər, əldə edilən nəticələr Prezident İlham Əliyev tərəfindən razılıqla qarşılanıb. Anar Ələkbərovun sözlərinə görə, Dövlət başçısı öz köməkçisinə görülən işlərlə tanış olmaq üçün Azərbaycan mediasını dəvət etməyi tövsiyə edib:  “Cənab Prezident özü də qlobal konfransa hazırlıq prosesindən razı qaldı”.

O da qeyd edilməlidir ki, mediatur çərçivəsində COP29-la bağlı bir çox məsələlərə, o cümlədən yayılan müxtəlif şayiələrə də aydınlıq gətirilib.  Bunlara toxunan Prezidentin köməkçisi Anar Ələkbərov təəssüflə qeyd edib ki, konfrans zamanı xüsusi tədbirlərin görülməsi və xüsusi rejimin tətbiqi ilə bağlı cəmiyyətdə daha çox yalan xəbərlər yayılıb: “Bəli, mərkəzi küçələrin bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması təklifləri var idi. Lakin cənab Prezident bu təşəbbüslərə qəti şəkildə qarşı çıxdı. Bakıda hər şey əvvəlki kimi olacaq. Yalnız bir çox dövlət və hökumət başçılarının qatılacağı liderlər sammiti günü təhlükəsizlik baxımından nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”. Onun sözlərinə görə, konfransa hazırlıqla bağlı müzakirələr zamanı kütləvi tədbirlərin, eləcə də toy şənliklərinin, restoran və mağazaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təkliflər səsləndirilsə də, Prezident İlham Əliyev qəti şəkildə buna qarşı olub. Bu da o deməkdir ki, COP29 zamanı da Bakının həyat norması əvvəlki qaydada davam etdiriləcək.

Bununla yanaşı, Anar Ələkbərov qeyd edib ki, Prezident İlham Əliyev şəhərin abadlaşdırılması, yeni parkların salınması, Bakının müxtəlif yerlərində ağacəkmə mərasimlərinin keçirilməsi ilə bağlı işlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib: “Hər bir dövlət qurumunun bunu necə təşkil etmək barədə öz ideyası var idi, lakin Prezidentin qərarı ilə idarəetməni sistemləşdirmək və işi vahid mərkəzdən əlaqələndirmək səlahiyyəti verildi”. Prezidentin köməkçisi onu da qeyd edib ki, şəhərin infrastrukturu, otellər və xüsusi hazırlanmış mənzillər dünyanın müxtəlif ölkələrindən on minlərlə qonağı və turisti qəbul etməyə tam hazırdır. O, qiymət siyasətinə də toxunaraq vurğulayıb ki, hökumət özəl sektorun fəaliyyətinə müdaxilə edə bilməz.

Tədbirdə təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilib. İstənilən mümkün təhlükənin, o cümlədən də kibertəhlükələrin vaxtında aşkarlanaraq qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Daha bir vacib məsələ ondan obarətdir ki, COP29 bəzi parametrlər baxımından da yeni model kimi insanlara təqdim ediləcək. Belə ki, plenar zallarda eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün xüsusi sistem quraşdırılması təmin ediləcək. Əlilliyi olan insanlara da xüsusi xidmət göstəriləcək.

Qeyd edilməlidir ki, Bakı Olimpiya Stadionunda media mənsublarının da fəaliyyəti üçün yüksək şərait yaradılıb. Bu məqsədlə qurulan Media Mərkəzində yerli və xarici media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılıb. Artıq dünyanın müxtəlif media qurumlarını təmsil edən 2700-ə yaxın media nümayəndəsi akkreditasiyadan keçib. Proses davam edir.

Hazırlıq işləri çərçivəsində COP29-a gələcək bütün qonaqların daşınması üçün nəqliyyat sistemi yaradılıb. Ümumiyyətlə qonaqlara təhlükəsiz, fasiləsiz nəqliyyat xidmətinin təşkili üçün zəruri addımlar atılıb. Özü də gələn qonaqlar akkreditasiya kartlarından istifadə etməklə ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Bu qayda bütün akrreditasiyadan keçən şəxslər üçün keçərlidir.

Beləliklə, bu və digər tədbirlər COP29-la bağlı həm təşkilati, həm də ümumi hazırlıq tədbirlərinin yüksək səviyyədə olduğunu göstərir. Bu, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yüksək səviyyədə keçirilməsini təmin edən əsas faktorlardan biridir.

MTM Analitik Qrup