COP29-UN SÜLH VƏ ATƏŞKƏS PLATFORMASI ELAN OLUNMASI DÜNYADA CİDDİ DƏSTƏK ALIR

Azərbaycanın bir sıra mühüm hədəf və təşəbbüslərin reallaşdırılması üçün səmərəli tribuna kimi nəzərdən keçirdiyi COP29 tədbiri, eyni zamanda, əlverişli sülh platforması rolunu oynayır. Respublikamız tədbirə hazırlıq prosesində 14 təşəbbüs irəli sürüb və bunlardan ən mühümü “COP atəşkəsi” çağırışıdır.

Dünyada 50-dən çox müharibə və yaxud münaqişənin mövcudluğu şəraitində irəli sürülən bu sülhpərvər niyyət aparıcı ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ciddi dəstək alır. Olimpiya atəşkəsi çağırışından qaynaqlanan bu nəcib təşəbbüs sülhün iqlim fəaliyyəti və qlobal ekoloji təhlükəsizlik baxımından alternativinin olmadığını, münaqişələrin həllində birgə səylərin vacibliyini diqqətə çəkir.

Xatırlatmaq lazımdır ki, “COP29 – İqlim və Sülh” Müştərək Təşəbbüsünün Liderlər Qrupu bu il iyunun 26-27-də keçirdiyi birinci iclasında Birgə Kommünike qəbul edib. Azərbaycanla yanaşı Misir, Almaniya, İtaliya, Uqanda, Böyük Britaniyanın daxil olduğu həmin qrup COP29 çərçivəsində su qıtlığı, qida çatışmazlığı, torpağın deqradasiyası və bərpası, eləcə də iqlimlə bağlı miqrasiya kimi mühüm problemlərin həllinə yönəlmiş müzakirələrin aparılacağına inamını ifadə edib. Qeyd edilən təşəbbüs, eyni zamanda, iqlim dəyişmələri, münaqişələr və zəif davamlılıq səbəbindən çoxsaylı çətinliklərlə üzləşən həssas ölkələr üçün dəstək və maliyyə yardımının artırılmasını asanlaşdıran mexanizmlərin yaradılması məqsədini önə çəkir. İqlim və sülhün qarşılıqlı əlaqəsi üzrə dialoqun genişləndirilməsi, birgə tədbirlərin təşviqi üçün beynəlxalq platformanın yaradılması da əsas məqsədlər sırasındadır.

Ümumiyyətlə, beynəlxalq səviyyədə etiraf olunur ki, COP29 iqlim dəyişikliyi nəticəsində yarana biləcək gələcək münaqişələrin qarşısının alınması və mövcud gərginliyin azaldılması üçün ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığı təşviq edəcək ilk qlobal tədbir kimi tarixiləşəcək. Azərbaycanın haqlı yanaşması bundan ibarətdir ki, dünyadakı müharibə və münaqişələrin mövcudluğu şəraitində qlobal iqlim dəyişmələrinə yönəlmiş beynəlxalq səylərin əhəmiyyəti azalır. Xüsusilə Ukrayna və Yaxın Şərqdə davam edən yüksək intensivlikli müharibələr təkcə insan itkilərinə deyil, həm də tonlarla karbon emissiyasının atmosferə atılmasına səbəb olur. Hərbi əməliyyat və fəaliyyətlər, habelə ənənəvi dizel, benzin yanağı ilə işləyən ağır zirehli texnikanın, hərbi nəqliyyat vasitələrinin atmosferə buraxdığı tullantılar təkcə ozon qatına deyil, ümumən flora və faunaya mənfi təsir göstərir.

Hazırda dünya ölkələri üzrə karbon emissiyalarının əhəmiyyətli bir hissəsi məhz ordu birləşmələrinin üzərinə düşür. Hərbi təlimlər karbon emissiyalarının həcmini artırır, landşaftlarda pozulmalara gətirib çıxarır, kimyəvi çirklənmə təhlükəsini gücləndirir. İstifadəyə yararsız silah-sursatın utilizasiyasını da buraya əlavə etmək olar. Silahlı münaqişələr, eyni zamanda, insanların məcburi, kütləvi yerdəyişməsinə, meşələrin qırılmasına, qanunsuz ovlara, torpağın, nə suyun tullantılarla çirklənməsinə və digər ekoloji problemlərə rəvac verir. Bu ekoloji fəlakətlər özünü həm Rusiya-Ukrayna, həm də İsrail-Fələstin münaqişəsi zonalarında qabarıq göstərir. Partlayıcı silahların istifadəsi havanın və torpağın çirklənməsinə səbəb olan böyük dağıntılar yaradır.

Bu da nəzərə alınmalıdır ki, yüksək hərbi xərclər ölkələri ekoloji problemlərin həllindən və davamlı inkişafdan yayındırır. Bu xərclərin yaratdığı beynəlxalq gərginlik qlobal ekoloji təhdidlər üzrə beynəlxalq əməkdaşlıq imkanlarını azaldır. Bir çox hallarda, aparıcı ölkələrin hərbi təhlükəsizlik və militarizm siyasəti dünyadakı neft-qaz, filiz yataqları kimi təbii ehtiyatlara nəzarəti təmin etmək məqsədi daşıyır və bu da son nəticədə beynəlxalq gərginliyə səbəb olur.

30 ilə yaxın müddətdə davam edən işğal faktına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan erməni vandalizminin doğurduğu ekoloji fəsadları bu gün də qabarıq hiss edir. Ermənistan qeyd edilən müddətdə ərazilərimizdə ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurub, meşələrin yandırılmasını hərbi məqsədləri üçün istifadə edib. 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərin təbii sərvətlər talan edilib, civə, mis, qurğuşun, sink, kömür və s. də daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin nadir ağaclar qanunsuz istismar olunub. Bundan əlavə, transsərhəd çay olan Oxçuçayın kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərir.

Ermənistanda 2005-ci ildə istismar müddəti bitmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hələ də fəaliyyət göstərməsi, ümumilikdə, Avropa üçün ciddi təhlükə mənbəyidir. Müxtəlif beynəlxalq təşkilatların, atom sahəsi üzrə mütəxəssislərin istismar müddəti bitmiş “Metsamor” AES-lə bağlı xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırıb, əksinə onun fəaliyyətini 2026-cı ildən sonrakı müddətə uzadıb. Bu təkcə COP29-a ev sahibliyi edən Azərbaycanı deyil, region və Avropa ölkələrini də narahat etməlidir.

Qeyd edilən fonunda Azərbaycanın COP29-u sülh və atəşkəsə çağırış platforması kimi nəzərdən keçirməsi obyektiv çağırışlara əsaslanır. Rəsmi Bakı COP29-a Ermənistanı da rəsmən dəvət etməklə, bu istiqamətdə ilk mühüm jestini edib. Keçiriləcək tədbir sülh və iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərində konsesusa xidmət edən mühüm müzakirələrlə yadda qalacaq.

MTM Analitik Qrup