Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) fərqləndirici xüsusiyyətlərindən biri də heç şübhəsiz ki, qlobal dialoqa verəcəyi böyük töhfələr olacaq. Bu da öz növbəsində iqlim dəyişikliklərinə uyğunlaşma strategiyalarının hazırlanması və icraya yönləndirilməsində, dayanıqlı enerji həllərinə keçidin sürətləndirilməsində həyati önəm kəsb edən faktorlardan biri hesab edilir. COP29-un Liderlər Sammiti və burada səslənən fikirlər də təsdiq edir ki, təsirləri getdikcə daha intensiv xarakter daşıyan iqlim dəyişikliklərinin sürətinin azaldılması, mənfi nəticələrinin neytrallaşdırılması üçün qlobal dialoqa, ortaq qərarların mümkün qədər tez qəbul olunmasına daha böyük zərurət var. Sözügedən istiqamətdə Azərbaycan COP29 çərçivəsində müvafiq platformanı təqdim edir.
Bununla yanaşı, ölkəmiz dünya dövlətləri arasında iqlimlə bağlı da dialoq üçün ən ideal məkan statusuna iddia edir. Azərbaycanın coğrafi mövqeyindən tutmuş beynəlxalq münasibətlərində əldə etdiyi nailiyyətlərə qədər olan çoxsaylı faktorlar barəsində bəhs olunan qlobal dialoq ən əlverişli zəmin yaradır. COP29-un Liderlər Sammitinin açılış mərasimində etdiyi çıxışında məsələnin bu tərəfinə nəzər salan Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib… COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək… Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır”.
Qeyd olunanlar kontekstində tam qətiyyətlə söyləmək mümkündür ki, COP29 qlobal səviyyədə dialoq və əməkdaşlıq üçün dönüş nöqtəsidir. Məhz bu tədbir sayəsində iqlim dəyişmələrinə qarşı koordinasiyalı mübarizənin daha təkmil xarakterə malik olması mümkün hesab olunur. Çünki COP29 iqlim böhranın çözümü üçün bütün dövlətlər və cəmiyyətlər arasında kollektiv, qlobal həll yollarının tapılması baxımından mükəmməl bir dialoq platforması kimi də çıxış edir. COP29 çərçivəsində səslənən fikirlər, keçirilən tədbirlər də bunun faktiki təsdiqi hesab oluna bilər. Bu yanaşma artıq dünya miqyasında qəbul edilir. COP29-un Liderlər Sammitində iştirak edən Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkova sözügedən xüsusda bildirir: “Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlimlə bağlı qətiyyətli fəaliyyət üçün həlledici məqamdır… Biz güclü öhdəliklər götürmək, dayanıqlılığı artıran siyasətlər və nəsillərə təsir edəcək davamlı həllərə təkan vermək üçün buradayıq”.
Ümumiyyətlə dünya miqyasında belə bir yanaşma hakimdir ki, COP29-un əsas məqsədlərindən biri məhz qlobal səviyyədə iqlim böhranına qarşı beynəlxalq əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmağa nail olmaqdır. Bunun üçün müvafiq dialoqların qurulmasına COP29 çərçivəsində hər cür şərait yaradılıb. Təbii ki, belə dialoqlar da iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə əvəzsiz töhfələr verir. Yenə bu cür dialoqlar iqlim dəyişmələrinə qarşı mübarizənin daha səmərəli formada təşklili üçün ölkələrin rəhbərliklərinə, eləcə də COP29-un digər iştirakçılarına təcrübə mübadiləsi aparmağa, bilgilərini və resursları bölüşdürməyə imkan yaradır. Digər tərəfdən, qlobal iqlim dialoqu sayəsində müvafiq beynəlxalq müqavilələrin, strategiyaların hazırlanması daha çevik şəkildə mümkün olur. COP29 çərçivəsində sözügedən istiqamətdə tarixi xarakterli razılıqlar əldə olunması nəzərdə tutulur.
Xatırlatmaq yerinə düşərdi ki, COP29-un yekunu olaraq enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənəd qəbul olunacaq. Onların hamısı, o cümlədən maliyyələşmə mövzusunda Yeni Kollektiv Kəmiyyət Hədəfi iqlim böhranının çözümünə əsaslı töhfələr verəcək. Adıçəkilən sənəd iqlim dəyişmələrinin mənfi nəticələrinin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrin maliyyə ehtiyaclarının qarşılanmasında müstəsna əhəmiyyətə malikdir. Bütün bunlar bir daha COP29-un dünya üçün önəmini dolğun şəkildə təsəvvür etməyə imkan verir. Tədbir çərçivəsində təşkil olunan dialoq isə dünyanın xilası, bu zaman ədalət prinsipinin gözlənilməsi üçün də böyük önəm kəsb edir. İlk növbədə o baxımdan ki, iqlim dəyişikliyi qeyri-mütənasib şəkildə dünya ölkələrinə təsir edir. Məsələn, belə dəyişikliyin yaranmasına ən az töhfə verən, lakin adətən, ondan daha çox təsirlənən inkişaf etməkdə olan ölkələrin sayı yetərincədir. COP29 platforması üzrə qurulan iqlim dialoqu bu ədalətsizliyin və bərabərsizliklərin aradan qaldırılmasına xidmət edir. Elə bu da COP29 çərçivəsində Azərbaycan başda olmaqla dünya ölkələrinin ən mühüm nailiyyətləri sırasında yer alır.