Dünyada sayı artan, coğrafiyası genişlənən münaqişələr beynəlxalq təhlükəsizlik sistemi üçün getdikcə daha böyük təhdidə çevrilir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun analitiklərinin hesablamalarına görə, təkcə 2023-cü ildə dünyada 183 regional münaqişə ocağı qeydə alınıb ki, bu da son 30 il ərzində rekord göstəricidir. Həmin dövr ərzində yenə dünya üzrə zorakılıq hadisələrinin sayı 28 faiz, ölənlərin sayı isə 14 faiz artıb. Analitiklər xəbərdarlıq ediblər ki, müharibə yenidən bəzi dövlətlər üçün faydalı siyasət alətinə çevrilməkdədir. Cari il ərzində münaqişələrin intensivliyinin artması da bundan xəbər verir.
Daha bir həyəcanverici məqam odur ki, bir çox münaqişələr alovlanma mərhələsindən qaynar fazaya keçir. Dünya ölkələrinin yarıdan çoxu sözügedən münaqişələrə bu və ya digər şəkildə cəlb olunub. Mövcud qarşıdurmaların müasir yüksəlişi beynəlxalq münasibətlər sistemindəki ciddi dəyişikliklərlə paralel olaraq baş verir. Meydana çıxan çoxqütblülük də münaqişələr dalğasına səbəb olan faktorlardan biridir. Qlobal miqyasda münaqişələr və digər problemlər birgə həll yollarını tələb edir. Lakin əksər hallarda qlobal oyunçular birləşmək və birgə mübarizə əvəzinə, bir-biri ilə rəqabət aparmağa daha çox üstünlük verir. Bunlar da münaqişələrin həllində əlavə çətinliklər yaradır.
Müasir qlobal münaqişə mənzərəsinin müəyyənedici xüsusiyyəti həm də onların həll olunmazlığı ilə bağlıdır. Belə münaqişələrdən biri istisna olmaqla qalanı davam edir və hətta bəzilərinin miqyası əhəmiyyətli dərəcədə genişlənir. Yaxın Şərqdə baş verənlər bunun konkret təzahürüdür. Son onilliklərdə həllini tapan münaqişəyə gəlincə, dünya üçün nümunə olan bu uğurun müəllifi Azərbaycandır. Cari ilin mayında Prezident İlham Əliyev Belarusdan olan həmkarı Aleksandr Lukaşenko ilə mətbuata birgə bəyanatında sözügedən xüsusda qeyd edib: “Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla”.
Azərbaycan 30 illik işğala son qoyaraq, ərazi bütövlüyünü, bütün torpaqları üzərində suvernliyini tam bərpa etsə də, dünyada davam edən münaqişələr, onların dəhşətli nəticələri ölkəmiz üçün əsas narahatlıq mənbələrindən biri olaraq qalır. Elə bu səbəbdəndir ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsində yenə ön sırada yer alan ölkələr sırasındadır. Təsadüfi deyil ki, ölkəmiz noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həm də bu prizmadan yanaşır. Elə buna müvafiq olaraq, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi müzakirələrdəki çıxışında COP29 ayında münaqişələrdə bütün tərəfləri atəşkəsə çağırıb: “COP29, eyni zamanda, fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaqdır. Münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alaraq, Azərbaycan bir neçə gün əvvəl COP29 naminə Birgə Atəşkəs Çağırışı flaqman təşəbbüsünü elan edib. Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və görkəmli şəxsiyyətlər və bir çox tərəf artıq bu çağırışa qoşulub. Biz COP29 ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəy olmağa və atəşkəsə hörmət etməyə çağırırıq”.
Qeyd edilməlidir ki, Azərbaycan COP29 naminə Birgə Atəşkəs Çağırışını Beynəlxalq Sülh Günündə, yəni sentyabrın 21-də elan edib. Bu kontekstdə bütün tərəflər siyasi çətinliklərə rəğmən birlik olmağa, COP29-un keçirildiyi bir ay ərzində atəşkəsə əməl etməyə dəvət olunur. Münaqişələrin vüsət alaraq artması fonunda edilən çağırışın əsas mesajı budur ki, bütün bəşər siyasi fərqliliyi bir kənara qoyaraq birlik olmalıdır. Əslində, dünyanın xilası artıq belə birlikdən getdikcə daha asılı duruma düşməkdədir.
Vacib nüanslardan biri odur ki, həllini tapmayan münaqişələr dünyanın digər yerlərində də ya yeni konfliktlərin yaranmasına səbəb olur, ya da əvvəlkiləri genişləndirir. Aparılan çoxsaylı araşdırmalar isə göstərir ki, münaqişələr və ekoloji problemlər arasında əlaqələr mövcuddur. Hətta daha əvvəl İqtisadiyyat və Sülh üzrə beynəlxalq beyin mərkəzinin tədqiqatları onu da üzə çıxarmışdı ki, dünyanın müxtəlif regionlarında mövcud olan ətraf mühit problemləri ilə münaqişələr arasında əlaqə əvvəllər təsəvvür edildiyindən qat-qat güclüdür. Tədqiqata görə, münaqişələr bütövlükdə sosial infrastrukturu zəiflədir və resursların daha sürətli məhvinə səbəb olur. Nəticədə təbii fəlakətlər, resurs çatışmazlığı və temperaturun artması daha aktiv xaraker almağa başlayır. Qeyd edilənlərin nümunəsinə təəssüf ki, indi getdikcə daha çox rast gəlinir. Məsələn, iqlim dəyişikliyi nəticəsində Liviyada təbii fəlakətlər əvvəlki dövrlə müqayisədə daha tez-tez baş verir. Qum və toz fırtınaları getdikcə intensiv və şiddətli olur, istilər rekordları qırır. İllərlə davam edən silahlı münaqişələr ölkənin iqlim risklərinə uyğunlaşmaq üçün lazım olan resursları toplamasının qarşısını alır. Bu qəbildən olan misalların sayı təəssüf ki, çoxdur.
Ətraf mühitdəki dəyişikliklər eyni zamanda dünyada bütün ərazilərin geostrateji əhəmiyyətini yenidən müəyyənləşdirməkdədir. Elə bu hal da münaqişələri tətikləyən əsas səbəblərdən biridir. Münaqişələr öz növbəsində qeyd edildiyi kimi iqlimlə bağlı problemlərin daha da dərinləşməsinə gətirib çıxarır. Məsələn, bəlli faktdır ki, münaqişələr istixana effekti yaradan qaz emissiyalarını artıraraq ətraf mühiti məhv edir, torpaq, su və havanı daha sürətlə çirkləndirir, ekosistemə ağır zərbələr vurur. Bunu məhz sülh şəraitində birgə əməkdaşlıqla aradan qaldırmaq olar. Azərbaycan belə hesab edir ki, iqlimlə bağlı danışıqlar belə əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Ölkəmizin əsas istəklərindən biri COP Atəşkəs Çağırışının bəşər həmrəyliyinin simvoluna çevrilməsidir. Bu, dünyanın xilası naminə vacibdir. COP29 çərçivəsində bu istiqamətdə Azərbaycanın təşəbbüsü ilə müvafiq addımlar atılacaq. Artıq bu təşəbbüsə beynəlxalq miqyasda böyük dəstək ifadə olunur.
MTM Analitik Qrup