COP29 QLOBAL İQLİM PROBLEMLƏRİNİN HƏLLİNDƏ FƏAL STATUS QAZANIR

Azərbaycan COP29 çərçivəsində bir sıra mühüm məsələlərlə yanaşı, iqlim dəyişikliklərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinə təsirlərinin azaldılmasına yönəlmiş nəcib təşəbbüslərlə çıxış edir. Problemin aktuallığı həm də onunla şərtlənir ki, bu gün iqtisadiyyatı və sənayesi son dərəcə inkişaf etmiş qabaqcıl ölkələrin, habelə insan fəaliyyətinin atmosferə və biosferə vurduğu zərərin dağıdıcı fəsadlarına daha çox kiçik ada dövlətləri məruz qalırlar.
Hazırda dünyada bir və ya bir neçə adada yerləşən dövlətlər dünya ölkələrinin təxminən dördə birini təşkil edirlər. Kiçik ada dövlətləri iqlim dəyişmələrinin bilavasitə təsirinə məruz qalan və ciddi təhlükələrlə üzləşən ölkələrdir. Bu dövlətlər nisbətən kiçik əraziyə malik olmaqla, sıx məskunlaşmış bölgələrdən uzaqda yerləşirlər. Ekoloqların fikrincə, qlobal istiləşməyə qarşı effektiv tədbirlər görülməsə, yaxın onilliklərdə bir sıra kiçik ada dövlətləri tamamilə su altında qala və dünya siyasi xəritəsindən silinə bilərlər. Tuvalu, Tonqa və Baham adaları kimi kiçik ada dövlətləri xüsusilə risk altındadır. Dəniz səviyyəsinin qalxması, şiddətlənən tufan və qasırğalar, torpaqların şoranlaşması, mərcan riflərinin kütləvi məhvi və digər ekoloji fəlakətlər bu adaların xalqlarını köməksiz vəziyyətdə qoyur.
İqlim dəyişiklikləri, eyni zamanda, okean və dəniz sularının temperaturunun yüksəlməsinə, turşulaşmasına səbəb olur. Əgər normal halda dənizlərin illik artım səviyyəsi 3,2 millimetr təşkil edirsə, Mikroneziyada və Sakit Okeanın tropik enliklərində bu göstərici 10-12 millimetr, yəni orta göstəricisindən dörd dəfə çoxdur. Dəniz səviyyəsinin hazırkı templə qalxması kiçik ada dövlətlərinin ərazisinin 20-30 fazini itirməsi və ciddi iqtisadi zərər görməsi ilə nəticələnə bilər.
Kiçik ada dövlətləri alternativ və bərpa olunan enerji sektorunda böyük potensiala malikdirlər. Lakin bu ölkələrin həmin potensialdan istifadə etmək, müvafiq layihələri maliyyələşdirmək imkanları yox dərəcəsindədir. Hazırda kiçik ada dövlətlərinin enerji istehlakının 90 faizdən çoxu xaricdən gətirilən neft hesabına təmin edilir. Qiymətlərin yüksək, gəlirlərin məhdudluğu səbəbindən hazırda Okeaniya əhalisinin 70 faizi elektrik enerjisindən  məhrum olub.
Məhz bu problemləri diqqətə çəkən BMT G20 ölkələrinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ekoloji və digər problemlərinin həlli məsələsinə xüsusi diqqət yetirmələrini istəyir. Təşkilat hesab edir ki, yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün kiçik ada dövlətlərinə dəstək göstərilməlidir.
Xatırladaq ki, COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. O, eyni zamanda, noyabrın 17-də Rio-de-Janeyroda toplaşan G20 liderlərini istixana qazı emissiyalarının azaldılması məsələsində iradə nümayiş etdirərək Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarını dəstəkləməyə çağırıb. BMT Baş katibi Bakıda davam edən danışıqlarda inkişaf etməkdə olan ölkələrə iqlim sərmayələri üçün 1 trilyon dollarlıq razılaşmanın əhəmiyyətini xüsusi vurğulayıb.
BMT-nin çağırışlarına səs verən rəsmi Bakı kiçik ada dövlətlərini dəstəkləmək və qlobal iqlim problemlərinin həllində fəal iştirak etmək kimi məsuliyyətli missiyanı üzərinə götürüb. Rəsmi Bakı tədbir çərçivəsində kiçik ada dövlətlərində ekoloji problemlərin həllinə dəstək verilməsi və maliyyə ayrılması təşəbbüslərini təşviq edir. Eyni zamanda, rəsmi Bakı ada dövlətlərinin sərvətlərinin bəzi müstəmləkəçi dövlətlər, o cümlədən Fransa tərəfindən istismar olunmasını yolverilməz sayır. Bakı Təşəbbüs Qrupunun noyabrın 18-də COP29 çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilən konfransında xüsusi vurğulanıb ki, müstəmləkəçik Afrika və kiçik ada dövlətlərinin xalqlarının taleyində dərin iz buraxıb və onun təsirləri bu gün də hiss olunur.
Rəsmi Bakının kiçik ada dövlətlərini himayə etməsi BMT, Millətlər Birliyi və digər beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması da qeyd edilən istiqamətdə ciddi irəliləyişdir. Fondun fəaliyyəti ehtiyac duyan ölkələrə, xüsusən kiçik ada dövlətlərinə maliyyənin ayrılmasını təmin etmək məqsədi daşıyır. Azərbaycanın Qərbi Afrika dövləti olan Tonqada Millətlər Birliyi ilə imzaladığı Birgə Bəyannamə kiçik ada dövlətlərində birgə layihələri dəstəkləmək üçün ölkəmizin 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmasını nəzərdə tutur. Bundan əlavə, ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi məqsədilə “Azərkosmos”un peyk məlumatlarından istifadə edilməsi üçün Millətlər Birliyi ilə rəsmi razılaşma əldə edilib.
Prezident İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Canet Skotland ilə görüşündə bir daha vurğulayıb ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşdırılmış həmrəyliyin məhz COP sədrliyi dövründə də davam etdiriləcəyini vurğulayıb.
Millətlər Birliyi təşkilatının Baş katibi öz növbəsində Azərbaycanın kosmik imkanları hesabına kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin təhlilini və məlumat bazası sisteminin yaradılmasını təqdir edib.  
Göründüyü kimi, Azərbaycanın COP29 çərçivəsində qlobal problemlərin həllinə yönəlmiş təşəbbüsləri, habelə kiçik ada dövlətlərinin problemlərini diqqət mərkəzində saxlaması dünyada rəğbətlə qarşılanır. Respublikamız bu kimi nəcib təşəbbüslərlə  qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal və işgüzar rolunu bir daha təsdiq edir.

MTM Analitik Qrup