COP29 QLOBAL İQLİM DİALOQUNUN TƏŞVİQİNDƏ  YENİ MƏRHƏLƏNİN BAŞLANĞICI OLACAQ

Bəşər tarixində indiyə qədər görünməmiş ekoloji çağırışların meydana çıxdığı müasir dövrdə qlobal iqlim dialoquna ciddi ehtiyac duyulduğu müşahidə olunmaqdadır.  İqlim dəyişikliyinin təsirləri milli sərhədləri aşan problemlər olduğundan onun çözümü dünya ölkələrindən birgə yanaşma tələb edir. Elə bu da qlobal iqlim dialoqunu şərtləndirən başlıca faktorlardan biridir. Çünki belə dialoq iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizə üçün effektiv strategiyaların formalaşdırılmasında və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. İqlim dəyişikliyi planetin hər regionuna təsir edən qlobal problemdir və heç bir dövlət bu böhranı təkbaşına həll edə bilməz. Elə bu kontekstdə qlobal iqlim dialoqu ölkələrə bilik və resursları bölüşməyə, təcrübə mübadiləsi aparmağa imkan verir. Kollektiv yanaşma sayəsində problemlərin səmərəli həlli mümkünləşir, sözgüdən müstəvidə milli siyasətlər beynəlxalq məqsədlərlə uyğunlaşdırılır. Nəticə etibarı ilə qlobal dialoq ortaq məsuliyyət hissini inkişaf etdirir, dövlətləri istixana qazı emissiyalarının azaldılması və davamlı təcrübələrin qəbulu üzrə öhdəlik götürməyə təşviq edir.

İndi əsas məsələ belə dialoqun qurulmasına nail olmaqdır və sözgüdən istiqamətdə aktiv fəaliyyət göstərən ölkələr sırasında Azərbaycanın adı getdilcə daha çox çəkilir. İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bu kontekstdə dünyada böyük ümidlər bəslənir. Tarixi xarakterli bir çox qərarların qəbul ediləcəyi tədbirin qlobal iqlim dialoqunun təşviqi baxımından da yeni bir mərhələnin başlanğıcı olacağı gözlənilir. Azərbaycan bununla bağlı müvafiq nəticələrin əldə edilməsi məqsədilə artıq genişmiqyaslı fəaliyyət həyata keçirir. “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı dialoq mövzusuna toxunan Prezident İlham Əliyev qeyd edib: “Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”;

Qlobal iqlim dialoqunun əsas hədəflərindən biri müvafiq beynəlxalq müqavilələrin, siyasət strategiyalarının hazırlanmasına nail olmaqdır. Elə bu da COP29 çərçivəsində Azərbaycanın qarşıya qoyduğu əsas məqədələr sırasında yer alır. Qeyd olunmalıdır ki, COP29 zamanı enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənədin qəbul olunması nəzərdə tutulur. Bura həmçinin,  maliyyələşmə mövzusunda Yeni Kollektiv Cəmiyyət Hədəfi adlı sənəd də daxildir. O, iqlim dəyişmələrinin neqativ nəticələrinin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrin maliyyə ehtiyaclarının qarşılanmasında mühüm rol oynayacaq. Azərbaycanın yanaşması bundan ibarətdir ki, qlobal iqlim dialoqu müxtəlif dövlətlərin fərqli imkanlarını və məsuliyyətlərini nəzərə almaqla söügedən problemlə mübarizədə həyata  keçirdikləri siyasətin təkcə iddialı deyil, həm də ədalətli olmasını təmin edir. Eyni zamanda belə dialoq ədalət prinsipinin gözlənilməsi üçün də çox mühümdür. Çünki iqlim dəyişikliyi qeyri-mütənasib şəkildə həssas əhaliyə, xüsusən də problemə ən az töhfə verən, lakin çox vaxt ən çox təsirlənən inkişaf etməkdə olan ölkələrdə təsir göstərir. Qlobal iqlim dialoqu bu bərabərsizliklərin aradan qaldırılmasını təmin etmək üçün böyük önəm kəsb edir. Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verilməsi də iqlimlə bağlı məsələlər ətrafında səmərəli dialoq qurulmasına mühüm töhfələrdən biri hesab olunur. Qeyd edilməlidir ki, bu platformanın başlıca məqsədi Tərəflər Konfransının  arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Digər tərəfdən, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir. Bütün bunlar COP29 başa çatdıqdan sonra belə onun  nəticələrinin dünya ölkələrinin həyatında zıruri rol oynamaqda davam edəcəyini göstərir.

MTM Analitik Qrup