Bu gün dünyanın bütün ölkələri üçün iqlim dəyişikliyi problemi getdikcə daha aktual və kəskin xarakter daşımaqdadır. Elə bu səbəbdən bir çox ölkələr karbon qazı və digər zərərli maddələrin sıfır emissiyasına nail olmağa və bərpa olunan enerji mənbələrinə keçid prosesi istiqamətində müvafiq addımlar atmağa çalışırlar. Bu, həm də dünya ictimaiyyətinin tələbinə çevrilir. BMT-nin nəzdində fəaliyyət göstərən “Climate Promise” təşkilatı tərəfindən bu yaxınlarda müxtəlif ölkələrin sakinləri arasında apardığı sorğunun nəticələri də təsdiqləyir.
“Climate Promise” təşkilatı tərəfindən dərc edilən “People’s Climate Vote 2024” adlı araşdırmanın nəticələrinə görə, dünya üzrə insanların yarıdan çoxu, yəni 53 faizi iqlim dəyişikliyindən getdikcə daha çox narahat olmağa başlayıblar. Bu fonda da hər beş nəfərdən dördü öz ölkələrinin iqlim problemi ilə mübarizədə öhdəliklərini artırılmasının tərəfdarı kimi çıxış edir. Tədqiqat müəlliflərinin fikrincə, artan narahatlıq insanların eşitdiyi və ya yaşadığı iqlim dəyişikliyinin təsirlərinin sayının artması ilə əlaqədardır. Respondentlərin 43 faizi hesab edir ki, bu il ekstremal hava hadisələri ötən illə müqayisədə daha pis olub, 78 faiz isə ekstremal hava şəraiti riski altında olan insanlar üçün daha çox müdafiə təmin edilməsini istəyib.
Daha bir maraqlı nüans odur ki, ki, sorğuda iştirak edənlərin 63 faizi harada yaşamaq, işləmək və nə almaq barədə qərar qəbul edərkən iqlim dəyişikliyinin təsirlərini nəzərə almağa başladıqlarını bildiriblər. Eyni zamanda insanların 33 faizi hava şəraitinin onların həyat qərarlarına böyük təsir etdiyini vurğulayıblar. Bunu şərtləndirən səbəblər odur ki, iqlim dəyişikliyi istilərin rekord həddə yüksəlməsinə və təbii fəlakətlərin sayının artmasına səbəb olur. Ümumiyyətlə, iştirakçıların böyük əksəriyyəti iqlim böhranının artıq daha sürətli mərhələyə qədəm qoyduğunu və bu səbəbdən problemə qarşı dərhal hərəkətə keçmək lazım olduğunu qəbul edirlər.
Qeyd edilənlər fonunda iqlimlə bağlı dünya miqyasında ən böyük tədbir olan COP konfranslarına beynəlxalq ictimaiyyət tərəfindən indi daha yüksək diqqət və maraq göstərilir. COP29 da bu mənada dünya ictimaiyyətinin xüsusi maraq dairəsində yer alır. İqlim böhranının kəskinləşməsi şəraitində belə bir fikir hakimdir ki, COP29-da problemlərin çözümü istiqamətində konkret qərarların qəbulu və onların ləngimədən icraya yönləndirlməsinə böyük ehtiyac var. Elə bu səbəbdən COP29-un iqlim böhranı ilə mübarizədə yeni mərhələ olacağına artıq beynəlxalq miqyasda böyük inam var.
Araşdırmalar göstərir ki, iqlim dəyişikliyi artıq gözlənildiyindən daha sürətlə baş verir və bunu dünyanın aparıcı elmi təşkilatlarının tədqiqatları da təsdiq edir. Xüsusən də istixana qazları emissiyalarının səviyyəsi artmaqda davam edir və bir çox ölkələr tarixdə ən pis ekstremal hava hadisələrini yaşamaqdadırlar. Sənayeləşmənin başlanğıcından bəri karbon emissiyaları artmaqda davam edir. Əvvəlcə bu, böyük problem deyildi, karbon qazı təbii “karbon yuvaları” – meşələr və okeanlar tərəfindən udulurdu. Bununla belə, zaman keçdikcə insanlar planetin ekosistemlərinin təbii şəkildə uda biləcəyi miqdardan əhəmiyyətli dərəcədə daha çox karbon və digər istixana qazları atmosferə buraxmağa başlayıblar.
Sözügedən fəaliyyət nəticəsində atmosferdə karbon qazının miqdarı durmadan artır. Öz növbəsində Yer atmosferində artan karbon qazının bir növ istixana effekti yaradır. Beləliklə, planet daha da istiləşir. Ötən əsrin orta göstəricisi ilə müqayisədə qlobal temperatur Selsi üzrə bir dərəcə yüksəlib və son beş il ərzində bu proses xüsusilə sürətli xarakter alıb. Bunlara qarşı təcili şəkildə müvafiq tədbirlərin görülməsi həyati önəm kəsb edir. Elə bu da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından gözləntiləri artırır.
“Yaşıl dünya naminə həmrəylik” devizi altında təşkil edilən COP29-un tematik tədbirlərinin gündəliyini və proqramını, qlobal təşəbbüslərini nəzərə alaraq, qətiyyətlə demək mümkündür ki, sözügedən konfrans iqlim böhranı ilə mübarizədə yeni mərhələnin başlanğıcı olacaq. Ankaradakı Böhran Vəziyyətləri və Siyasətlərinin Araşdırılması Mərkəzinin eksperti Ekin Güllüoğlu bu fonda diqqəti ona yönəldir ki, COP29 müzakirə platforması istixana qazlarının emissiyasının azaldılması və “yaşıl texnologiya”ların tətbiqi nəzərə alınmaqla ölkələrin inkişaf strategiyalarının müəyyən edilməsi baxımından yaxşı imkan yaradacaq və ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarını müzakirə etməyə, iqlim maliyyəsi kontekstində ümumi dil tapmağa imkan verəcək.
COP29 çərçivəsində ölkələrin rəhbərlərinin öz vətəndaşlarının, həmçinin beynəlxalq ictimaiyyətin ehtiyaclarına, narahatlıqlarına, problemlərinə uyğunlaşdırılmış inklüziv və iddialı iqlim strategiyaları, fəaliyyət planları qəbul edəcəklərinə dünyada ümidlər böyükdür. Hazırda ekoloji sahədə ölkələr arasında birgə fəaliyyətə və sıx əməkdaşlığa həmişəlindən daha böyük ehtiyac var. Bunun üçün də COP29 müvafiq platforma yaradır.
MTM Analitik Qrup