COP29 DÜNYANIN YAŞIL GƏLƏCƏYİNƏ MÜSTƏSNA TÖHFƏLƏR VERƏCƏK

İqlim dəyişmələrinin mənfi fəsadları bütün planet boyu özünü getdikcə daha qabarıq formada büruzə verir və bu, bəşəriyyətin gələcəyi üçün əsas təhdidə çevrilir. Belə vəziyyətdə Yer kürəsində mövcud ekosistemlərini qorumaq, iqtisadi və sosial rifahı gücləndirmək üçün vacib hesab olunan yaşıl gələcəyin qurulması da ciddi təhlükə altına düşür. Elə bu səbəbdən yaşıl gələcəyə təhlükə yaradan hallara qarşı geniş miqyasda preventiv tədbirlərin görülməsi vacib önəm kəsb edir.  Bura ilk növbədə iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması, biomüxtəlifliyin qorunması və gələcək nəsillər üçün resursların təmin edilməsi kimi tədbirlər daxildir. Bu, həm də yaşıl gələcək konsepsiyasının reallaşmasına xidmət edir.

Yaşıl gələcək konsepsiyasının uğurla həyata keçməsinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) da böyük töhfə verəcəyi proqnozlaşdırılır. Bunu tədbirin özünün fəlsəfəsi, həmçinin gündəliyi və konfrans çərçivəsində irəli sürülən qlobal əhəmiyyətli təşəbbüslər də şərtləndirir. COP29 iqlim dəyişikliyi ilə mübarizəni ön plana qoymaqla  yaşıl gələcəyin qurulmasında əsas paltforma olacaq. Bundan əvvəlki COP tədbirlərində də sözügedən məqam əsas leytmotiv hesab edilib. Lakin iqlim dəyişmələrinin daha dəhşətli nəticələri son dövrlərdə özünü daha qabarıq büruzə verməyə başlayıb. Elə bu səbəbdən COP29 çərçivəsində bununla bağlı daha konkret və qəti qərarların qəbuluna dünyada böyük ümidlər var. Bu ümidlər həm də  etibarlı yaşıl gələcəyin qurulması üzərində fokuslanıb.

Hazırda iqlimlə bağlı vəziyyətin təhlili, mövcud məlumatların analizi göstərir ki, qlobal temperatur, ilk növbədə, qalıq yanacaqlardan qaynaqlanan istixana qazlarının emissiyaları narahatedici templə yüksəlir. BMT-nin Ətraf Mühit Proqramının araşdırmasına əsasən, son buz dövründən keçən 10 min il ərzində  iqlim nisbətən sabit olub və bu, bəşər sivilizasiyasının inkişafı üçün həlledici rol oynayıb. Amma son illər ərzində bu sabitliyin sarsılması müşahidə olunur, qlobal temperatur göstəricisi sənaye inqilabına qədər olan dövrlə müqayisədə 1, 2 dərəcə Selsi daha yüksəkdir. Hazırda bu artım davam edir. Son 10 il ərzində yüksək  temperatur rekordlarının qeydə alınması da iqlim dəyişmələrinin intensivliyinin artmasını göstərir.  Bunun təzahürü  dünya okeanında temperaturun yüksəlişi, dəniz səviyyəsinin  və atmosferdəki istixana qazlarının konsentrasiyasının rekord sürətlə artması, buzlaqların sahəsinin və həcminin həyəcanverici templə azalmasıdır.

Daha bir mühüm nüans bundan ibarətdir ki, iqlim dəyişikliyi təbii proses olsa da, insan fəaliyyəti onu sürətləndirən faktor kimi çıxış edir. İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin hesabatı da təsdiqləyir ki, son 200 ildə qlobal temperaturun  yüksəlməsi antropogen fəaliyyətdən qaynaqlanır. BMT-nin Ətraf Mühit Proqramı qeyd edilənlər kontekstində onu diqqətə çatdırır ki, temperaturun artması dünyanın kövrək ekosistemlərini poza bilər və bu da insanlar, eləcə də digər canlılar üçün dəhşətli nəticələrə gətirib çıxarmaq iqtidarındadır. Vəziyyətin ağır olmasına baxmayaraq, bəşəriyyət hələ də iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçmaq üçün kiçik bir şansa malikdir. Bu şansın düzgün qiymətləndirilməsi COP29-un əsas məqsədlərindən birini təşkil edir. Qarşıya belə məqsədin qoyulması həm də ondan irəli gəlir ki, istixana qazlarının tullantılarını azaltmaq üçün dərhal ciddi tədbirlər görülməsə, bəşəriyyət iqlim dəyişikliyi nəticəsində düzəlməsi mümkünsüzləşən zərərlərlə üzləşəcəklər. Bu da  yaşıl gələcəyin qurulmasını əngəlləyən faktor olacaq.  COP29 çərçivəsində bunun qarşısının alınmasına çalışılacaq. 

Qeyd olunmalıdır ki, yaşıl gələcək qalıq yanacaqlarından günəş, külək, hidro və geotermal kimi bərpa olunan enerji mənbələrinə keçidi ehtiva edir. Bu mənbələr qlobal istiləşməyə töhfə verən karbon emissiyaları olmadan təmiz, bol enerji yaradır. Bərpa olunan enerjiyə sərmayə qoymaq iqlim dəyişikliyinin mənfi gedişatını əhəmiyyətli dərəcədə ləngitmək gücündədir. Bununla yanaşı, yaşıl gələcək bütün dünyada ekosistemlərin, iqtisadiyyatların və cəmiyyətlərin qorunmasında həlledici rol oynayan planetin iqlimini sabit həddə saxlamağa xidmət edir. Məhz yaşıl gələcəyin sayəsində biomüxtəlifliyin qorunması mümkün hesab olunur. Biomüxtəliflik qorunmadan ekosistemlərin sabitliyi mümkün deyil. İndilikdə isə görünən mənzərə bundan ibarətdir ki, meşələrin qırılması, sənaye, kənd təsərrüfatı kimi insan fəaliyyəti biomüxtəlifliyin sürətlə azalmasına səbəb olur və çoxsaylı növlər nəsli kəsilmək təhlükəsi ilə üzləşir. Bu itki ekosistemləri pozur və insan həyatı üçün vacib olan təmiz hava, su və münbit torpaq kimi ehtiyatları təhdid edir. Biomüxtəlifliyə dəyər verən yaşıl gələcək amili problemin həllində əsas rola malikdir.

Yaşıl gələcək bərpa olunan enerji, davamlı kənd təsərrüfatı və yaşıl texnologiya sektorlarında iş yerlərinin yaradılması vasitəsilə əhəmiyyətli iqtisadi faydalar da  gətirir. Təmiz enerjiyə tələbat artdıqca, günəş, külək və hidroenergetika sənayelərində işçilərə ehtiyac da artır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə görə, bərpa olunan enerji sektoru 2050-ci ilə qədər bütün dünyada 40 milyondan çox insanı işlə təmin edə bilər. Bu iş yerləri uzunmüddətli və sabit xarakterə malikdir.

O da bəllidir ki, qalıq yanacaq emissiyaları havanın çirklənməsinə səbəb olur ki, bu da müəyyən xəstəliklərə, vaxtından əvvəl ölümlərə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il milyonlarla insan məhz havanın çirklənməsi səbəbindən ölür. Təmiz enerji mənbələrinə keçid bu çirklənməni azalda və yaşam üçün daha əlverişli şərtləri təmin edə bilər.

Yaşıl gələcək eyni zamanda gələcək nəsillər qarşısında məsuliyyət deməkdir.  Çünki belə gələcək növbəti nəsillər üçün resursların qorunub saxlanılmasını təmin edir. Beləliklə, iqlim dəyişikliyinin mənfi fəsadlarının azaldılmasından, biomüxtəlifliyin qorunmasından tutmuş iqtisadiyyatların gücləndirilməsinə qədər geniş diapazonda yaşıl gələcək həyati önəmə malikdir. Elə bu səbəbdən COP29-un belə gələcəyin qurulmasına verəcəyi töhfələr dünya  miqyasında yüksək qiymətləndirilir.

MTM Analitik Qrup