Dünyanın iqlim böhranı ilə mübarizə aparması fonunda getdikcə daha aydın olur ki, ətraf mühitdəki dəyişikliklər təkcə temperaturun yüksəlməsi və ya ekstremal hava hadisələri deyil, onlar bütün dünyada müharibələrin tezliyi, intensivliyi və təbiəti ilə də sıx, mürəkkəb şəkildə bağlıdır. Müharibələr, münaqişələr ətraf mühitin məhvini sürətləndirir. Daha bir nüans odur ki, iqlim böhranı özü də münaqişənin mühüm amillərindən birinə çevirilib. Real vəziyyətin təhlili göstərir ki, müharibə və iqlim dəyişikliyi arasındakı mürəkkəb əlaqə qlobal sabitlik və təhlükəsizliyə ciddi təhdid yaradır. Bu səbəbdən onların hər ikisinin eyni vaxtda, paralel şəkildə həlli vacib xarakter daşıyır.
Yuxarıda göstərilənlər fonunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dünya miqyasında COP Atəşkəs Çağırışı edilməsi təsadüfi xarakter daşımır. Bununla diqqət həm də ona yönəldilir ki, iqlim böhranının səmərəli həllinin əsas şərtlərindən biri ətraf mühitə dəhşətli dərəcədə zərər vuran müharibələrə, münaqişələrə son qoyulmasıdır. COP29-da irəli sürülən bu təşəbbüsə artıq dünya miqyasında ciddi dəstək ifadə olunur. Bu mənada təsadüfi deyil ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasında (ICAPP) da sözügedən məsələyə xüsusi diqqət edilib. Tədbir “Sülh və barışıq axtarışı” mövzusuna həsr edilib. Təkcə indi yox, ümumən tarix boyu bu məsələ hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən birini təşkil edib. Çünki silahlı münaqişələr çoxsaylı itkilərə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir.
Gözləntilər bundan ibarətdir ki, COP29-da müharibələrin ətraf mühitə dağıdıcı təsiri dünyanın gündəmində əsas müzakirə predmetinə çevrildikdən sonra bu mövzuya qarşıdakı dövrdə daha çox diqqət olunacaq. Bu, bəşəriyyətin mövcudiyyətini davam etdirməsi, bunun üçün ekosistemlərin qorunmasının təmini baxımından da həyati önəm kəsb edir. Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı müraciətində bu kontekstdə qeyd edir ki, ICAPP tədbirinin keçirildiyi bir vaxtda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına uğurla ev sahibliyi edir: “Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biri də ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir”.
Azərbaycanın ətraf mühitin mühafizəsi üçün müharibələrin qarşısının alınması məsələsinə xüsusi diqqət etməsi təsadüfi xarakter daşımır. Məsələ burasındadır ki, müharibələr həmişə ətraf mühitə dağıdıcı təsir göstərib. Lakin müasir müharibə kontekstində məhvetmənin miqyası və üsulları misilsizdir. Məsələn, bombalama kampaniyaları geniş əraziləri məhv edir, havanı, suyu və torpağı təhlükəli kimyəvi maddələrlə çirkləndirir. Günümüzdə bunun konkret nümunələri kifayət qədərdir. Bundan əlavə, minalar, partlamamış hərbi sursatlar və müharibənin digər qalıqları landşaftları zəhərləməkdə davam edir və bir vaxtlar yaşamaq mümkün olan bölgələri onilliklər ərzində yaşayış üçün yararsız hala salır. Üstəlik, hərbi-sənaye kompleksləri özü qlobal karbon emissiyalarına əhəmiyyətli töhfə verir. Bütün dünyada silahlı qüvvələr qalıq yanacaqların əsas istehlakçılarıdır. Misal üçün, ABŞ ordusu qlobal miqyasda istixana qazlarının havaya atılmasında əsas mənbələrdən biridir. Hərbi əməliyyatların karbon izi, silah və müdafiə avadanlığının istehsalı ilə birlikdə iqlim böhranını daha da gücləndirir.
Müharibələrin və iqlim böhranının yaratdığı həm ekoloji, həm də təhlükəsizlik problemlərini həll etmək üçün hərtərəfli, çoxölçülü yanaşma tələb olunur. Gələcək münaqişələrin qarşısının alınması vasitəsi kimi iqlim dəyişikliyinin yumşaldılmasına üstünlük verilməlidir. Buraya bərpaolunan enerji mənbələrinə keçid, karbon emissiyalarının azaldılması və iqlimə davamlı infrastruktura investisiyalar daxildir. Bundan əlavə, hökumətlər həssas əhalinin qorunmasını və resursların davamlı şəkildə idarə olunmasını təmin edərək, iqlim dəyişikliyinə uyğunlaşma strategiyalarını münaqişələrin qarşısının alınması çərçivələrinə inteqrasiya etməlidir. Üstəlik, beynəlxalq əməkdaşlığa təcili ehtiyac var. İqlim dəyişikliyi və münaqişə sərhəd tanımır və buna görə də qlobal ictimaiyyət bu problemləri həll etmək üçün birlikdə çalışmalıdır. Sülh quruculuğu səyləri ekoloji amilləri nəzərə almalı, davamlı inkişafı təşviq etməli və icmaların dəyişən iqlimə uyğunlaşmaq üçün lazım olan alət və resurslara malik olmasını təmin etməlidir. Bütün bunlar COP29-un başlıca məqsədləri sırasında yer alır.
Hazırda görünən odur ki, müharibələrin və iqlim böhranının kəsişməsi mürəkkəb, aktual məsələ olaraq qalır. Bunların həlli emissiyaları azaltmaq, davamlılığı təşviq etmək və münaqişələrin qarşısını almaq üçün vahid, qlobal səy tələb edir. Yalnız əməkdaşlıq və perspektivli həll yolları vasitəsilə növbəti nəsillər üçün daha təhlükəsiz və sabit gələcəyi təmin etmək olar. Bu müstəvidə də həm müharibələrin, həm də iqlim böhranının yaratdığı riskləri azaltmaq mümkündür. COP29 sayəsində dünyanın diqqətinin bir daha bu məsələ üzərində fokuslanması isə Azərbaycanın mühüm uğurlarından biri kimi çıxış edir.
MTM Analitik Qrup