COP29 ÇƏRÇİVƏSİNDƏ İMZALANMIŞ YAŞIL ENERJİ SAZİŞLƏRİNİN İCRASI TƏMİN EDİLİR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində (COP29) yaşıl enerjinin istehsalı, ixracı və tranziti ilə bağlı imzalanmış çoxtərəfli sazişlərin icrası istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb.  

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”dən irəli gələn məsələlərin həlli məqsədilə dekabrın 27-də “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisənin Bakı şəhərində yaradılmasını nəzərdə tutan “Təsis Müqaviləsi” imzalanıb.

Energetika Nazirliyinin məlumatına əsasən, birgə müəssisə “yaşıl enerji”nin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı (“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”) layihəsinin texnik-iqtisadi əsaslandırmasının hazırlanmasından irəli gələn tədbirləri həyata keçirəcək. Müəssisə regionda bərpa olunan enerji layihələrinin, dayanıqlı enerji sistemlərinin və beynəlxalq enerji dəhlizlərinin inkişafını gücləndirmək istiqamətində birgə hədəflərin reallaşdırılmasına təkan verəcək. Eyni zamanda, ölkələrimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiyadakı tərəfdaşları ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək.

Xatırladaq ki, 2022-ci ilin dekabrında imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Azərbaycan və Rumıniya arasında yaşıl enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin etməlidir. Azərbaycan bu layihə ilə iri elektrik enerjisi ixracatçısına çevrilməklə yanaşı, Mərkəzi Asiya ölkələri üçün tranzit ölkə rolunu oynamağa da iddialıdır. Həmin Mərkəzi Asiya ölkələri isə Azərbaycan ərazisində keçməklə Avropaya yaşıl enerji ixracına hazır olduqlarını bəyan ediblər.

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” üç ölkənin dövlət başçıları tərəfindən cari ilin 13 noyabrında COP29 çərçivəsində imzalanıb. Bundan əvvəl – 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq imzalanmış Qarabağ Bəyannaməsi türk dünyasının iqtisadi əməkdaşlığının gücləndirilməsi istiqamətində bir sıra hədəflər müəyyənləşdirib. Bunlardan biri də TDT ölkələrinin iştirakı ilə yaşıl enerjinin ixracı və tranzitini nəzərdə tutur. Qarabağ Bəyannaməsində, eyni zamanda, türk dövlətlərində bərpaolunan zəngin enerji potensialı, elektrik enerjisinin ixracı və ticarəti üçün hazırda reallaşdırılan layihələrin önəmi xüsusilə vurğulanıb.

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlığını nəzərdə tutan razılaşmaları bir tərəfdən qlobal iqlim dəyişiklikləri ilə mübarizənin fəal iştirakçısına çevrilmək, digər tərəfdən yaşıl enerjiyə keçidi sürətləndirmək, Avropa ölkələrinin ekoloji təmiz enerji tələbatını ödəmək niyyəti ilə şərtlənir. Bu əməkdaşlıq üç türkdilli ölkənin Avropanın enerji təhlükəsizliyində daha həlledici rol oynamasına, bu coğrafiyada iqtisadi və siyasi nüfuz imkanlarını artırmasına geniş imkanlar açır. Yalnız iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə deyil, həm də geosiyasi amillərlə əlaqədar ənənəvi enerji resurslarından asılılığı minimuma endirməyə çalışan Avropa ölkələri üç ölkənin yaşıl enerji sahəsindəki layihələrini maraqla izləyirlər.

Qarşıdakı onilliklərdə Avropa İttifaqı ölkələrinin ekoloji təmiz mənbələrdən alınan elektrik enerjisinə tələbatının kəskin artacağı qaçılmazdır və Azərbaycan Orta Asiyadakı tərəfdaşları ilə birgə bu reallığı düzgün dəyərləndirir. Respublikamız 2030-cu ilədək elektrik enerjisinin istehsalı və ixracında artımı əsasən, bərpa olunan enerji mənbələri hesabına təmin etməyi planlaşdırır. Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1792,6 MVt təşkil edir və bu da ümumi istehsal gücünün, təxminən 21,3 faizinə bərabərdir. Ölkəmiz hazırda Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.

Azərbaycan 2027-ci ilədək təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiya hesabına 2 QVt civarında sənaye miqyaslı 8 günəş-külək elektrik stansiyasının inşasınə və şəbəkəyə qoşulmasını nəzərdə tutur. Qazaxıstan ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 2030-cu ilədək 30 faizə, Özbəkistan 40 faizə çatdırmaq niyyətindədir.

Üçtərəfli saziş əsasında yaradılan birgə müəssisə enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Bi və digər razılaşmalar Qazaxıstan və Özbəkistanın istehsalı etdiyi yaşıl enerjinin gələcəkdə Avropa ölkələrinə ötürülməsində Azərbaycanın tranzit ölkə statusunu təmin edəcək. Nəticədə, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz, Avropa regionunu vahid enerji dəhlizi ilə birləşdirəcək. Yaşıl enerji sahəsində əməkdaşlıq hər üç ölkə arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini də təmin edəcək.

Reallaşdırılan layihələr ölkəmizin yaxın illərdə yaşıl enerji sahəsində qlobal ixracatçılardan birinə çevriləcəyini deməyə ciddi əsaslar verir. Bu layihələrlə Azərbaycan, eyni zamanda, 2030-cu ilədək ümumi enerji istehsalında yaşıl enerjinin payının 30 faizə yüksəldilməsini nəzərdə tutan öhdəliklərini də icra edir.

MTM Analitik Qrup