COP29 çərçivəsində aparılan müzakirələr qalıq enerjidən bərpaolunan enerjiyə keçidin qlobal çağırışlarla şərtləndiyini, beynəlxalq sazişlərlə müəyyən edilmiş iqlim hədəflərinin kifayət qədər real olduğunu göstərir. Bunun üçün xüsusilə G20 ölkələrinin siyasi iradə nümayiş etdirərək, iqlim maliyyəsi ilə bağlı öhdəliklərinə əməl etməsi, yaşıl enerjiyə keçid istiqamətində qətiyyətli addımlar atmasına ehtiyac var.
Bakıda keçirilən qlobal tədbirdə narahatlıqla qeyd edildi ki, dünya üzrə atmosferə buraxılan karbon qazı emissiyalarının 80 faizi məhz inkişaf etmiş ölkələrin üzərinə düşür. Sözdə iqlim dəyişikliklərinə qarşı mübarizənin vacibliyindən söz açan həmin ölkələrin hökumətləri maliyyə öhdəliklərinə lazımi səviyyədə əməl etmir və qalıq enerjisi ilə bağlı qlobal layihələrə hələ də külli miqdarda investisiya qoyuluşları həyata keçirirlər. Halbuki, bu gün alternativ və bərpaolunan mənbələrdən əldə edilən enerji daha ucuz və əksər ölkələr üçün əlçatandır. Dünyanın demək olar ki, əksər ölkələri üçün bərpaolunan enerji hesabına yeni elektrik stansiyalarının quraşdırılması daha rentabelli sayılır.
Alternativ və bərpaolunan enerji texnologiyalarının qiymətlərinin sürətlə aşağı düşməsi bu sahəyə investisiya qoyuluşlarının cəlbediciliyini artırır. Hesablamalara əsasən, 2010-cu ildən etibarən günəş enerjisinin maya dəyəri 85 faiz, quruda və dənizdə külək enerjisinin dəyəri müvafiq olaraq 56 və 48 faiz azalıb. Bu müsbət tendensiya bərpaolunan enerjini nəinki inkişaf etmiş, eyni zamanda, aşağı və orta gəlirli ölkələr üçün də cəlbedici edir, yaşıl enerji istehsalına investisiya qoyuluşlarını stimullaşdırır.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesablamalarına əsasən, 2030-cu ilə qədər bərpaolunan mənbələrdən hasil edilən elektrik enerjisi dünya elektrik təchizatının 65 faizini təmin edə bilər. 2050-ci ilə qədər dünyada istehlak edilən elektrik enerjisinin 80-90 faizinin məhz bərpaolunan mənbələrdən əldə edilməsi dekarbonizasiyanın əsas hədəfi kimi müəyyənləşdirilib.
Bərpaolunan enerjiyə qoyulan sərmayənin hər bir dolları qalıq yanacaq sənayesinə qoyulan investisiyadan üç dəfə çox iş yeri yaradır. Bu baxımdan xalis sıfır emissiyaya keçidin enerji və turizm sektorlarında iş yerlərinin artmasına gətirib çıxaracağı gözlənilir. Proqnozlara görə, 2030-cu ilə qədər yaşıl enerjiyə keçidlə əlaqədar dünyada təxminən 14 milyon yeni iş yeri açılacaq. Yaşıl enerji ilə əlaqəli sənayelərin inkişafı – elektrikli nəqliyyat vasitələri, hidrogen və s. istehsalı, aşağı emissiyalı texnologiyaların geniş tətbiqi zərurəti, ümumilikdə, 30 milyondan çox iş yerinin yaradılmasına imkan yarada bilər.
Son illərdə texnologiyaların, rəqabətqabiliyyətli təchizat zəncirlərinin inkişafı, təcrübələrin təkmilləşməsi bərpaolunan enerji mənbələrindən istehsal xərclərində azalmalara imkan verib. Bu həm də günəş elektrik enerjisinin maya dəyərinin ucuzlaşmasına səbəb olub. Beləliklə, xərclərin azalması günəş enerjisinin investisiya dəyərini də artırıb. Bunun nəticəsidir ki, hazırda bir çox Avropa ölkələrinin, eləcə də Çin, Hindistan, ABŞ kimi inkişaf etmiş ölkələrin enerji istehlakında yaşıl enerjinin payı 30-50 faiz civarında dəyişir. Böyük Britaniyanın tərkibinə daxil olan Şotlandiya isə 80 faiz göstərici ilə hazırda dekarbonizasiya hədəfinə nail olan lider ölkələrdən biridir.
Hazırda dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli, böyük potensiala malik növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir.
COP29 çərçivəsində Azərbaycanın postsovet məkanında yaşıl enerji istehsalına ən çox sərmayə qoyan ölkələrdən biri olduğu təsdiqini tapıb. 2023-cü il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionu və MDB məkanının ən böyük günəş elektrik stansiyası – 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. 262 milyon ABŞ dolları dəyəri olan bu müəssisə xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt/st elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da təxminən 110 milyon kubmetr həcmində təbii qaza qənaət etmək, atmosferə atılan karbon emissiyasını 200 min ton azaltmaq imkanı yaradır.
“Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində “Masdar” şirkəti ilə ümumi gücü 1000 MVt olan yaşıl enerji layihələri üzrə daha üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə Günəş Elektrik stansiyalarının və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə Külək Elektrik Stansiyası layihələrinin icrasını nəzərdə tutur. COP29 çərçivəsində həmin layihələrin maliyyələşdirilməsi ilə bağlı bir sıra vacib razılaşmaların əldə edilməsi də xüsusi vurğulanmalıdır.
Hazırda külək enerjisi təbiətdə ən geniş yayılmış səmərəli, təmiz və təhlükəsiz bərpa olunan enerji mənbələrindən biridir. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir. Bu potensialdan səmərəli istifadə yeni iş yerlərinin yaradılmasına, ölkənin yaşıl enerji istehsalı potensialının güclənməsinə imkanlar yaradacaq.
Azərbaycanın bol sulu çayları su elektrik stansiyaları hesabına əldə olunan elektrik enerjisinin artımına imkan yaradır. Hazırda ölkədə hidroenerji gücü 1301,8 MVt təşkil ediən 35 ədəd stansiya, o cümlədən 24-ü kiçik su elektrik stansiyası mövcuddur. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 30-a yaxın yeni su elektrik enerjisi stansiyasının inşası 270 meqavat əlavə enerjinin istehsalına imkan verəcək.
Reallaşdırılacaq bu və digər layihələr Azərbaycanın yaxın illərdə yaşıl enerji sahəsində ciddi infrastrukturunun formalaşmasına, yaşıl enerjiyə keçid konsepsiyasını uğurla reallaşdırmasına imkan yaradacaq. Bütün bunlar, eyni zamanda, ölkəmizin iqlim öhdəliklərinə əməl etməsi, ölkədə ekoloji mühitin yaxşılaşması baxımından da əhəmiyyətlidir.
MTM Analitik Qrup