COP29 AZƏRBAYCANI İQLİM NAMİNƏ SÜLH VƏ ƏMƏKDAŞLIQ MƏRKƏZİNƏ ÇEVİRİB

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimi və tədbirin qarşıya qoyduğu hədəflər beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Dünyanın aparıcı media qurumları, beynəlxalq təşkilatları, ixtisaslaşmış qeyri-hokumət qurumları, beyin mərkəzləri, ekspertlər Bakının 10 gündən çox müddətdə ev sahibliyi edəcəyi bu mötəbər tədbirin iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfələr verəcəyi, maraqlı müzakirə və qərarlarla yadda qalacağı qənaətindədir.

COP29-da iştirak məqsədilə bir sıra ölkələrin dövlət və hökumət başçılarının, nazirlərinin, aparıcı beynəlxalq təşkilatlarının rəhbərlərinin, nüfuzlu ictimai, siyasi, din xadimlərinin, elm adamlarının, jurnalistlərin və digər nüfuzlu qonaqların ölkəmizə səfər etmələri də beynəlxaq səviyyədə tədbirin əhəmiyyətinə verilən önəmin təzahürüdür. Bu miqyaslı iqlim tədbirinin postsovet məkanında ilk dəfə məhz Azərbaycanda keçirilməsi, ilk növbədə, ölkəmizin qlobal tədbirləri təşkil etməsi üçün zəruri potensiala və resurslara malik olması ilə şərtlənir. “Yaşıl dünya naminə” devizi altında keçirilən konftrans həm də respublikamızın bu günədək təşkil etdiyi ən böyük tədbir kimi diqqəti cəlb edir.

Xüsusi vurğulamaq lazımdır ki, Bakı şəhərinin son illər Avropa və dünya miqyaslı siyasi, iqtisadi, humanitar və idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsi bir sıra amillərlə yanaşı, həm də respublikamızın Qlobal Cənubla Qlobal Şimal arasında körpü rolunu oynaması ilə bağlıdır. Prezident İlham Əliyev bununla bağlı deyib: “Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.

Ümumiyyətlə, son 15 ildə Azərbaycanın təşəbbüsü ilə keçirilən çoxsaylı mötəbər tədbirlər respublikamızı regionun intellektual mərkəzinə, sülh, təhlükəsizlik və sivil birgəyaşayış platformasına çevirib. 2008-ci ildən etibarən respublikamızda “Bakı Prosesi” çərçivəsində UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq, o cümlədən Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin sammitləri və digər mühüm tədbirlər keçirilib.

Azərbaycan son onilliklərdə uğurlu enerji keçidi strategiyası ilə ümumən Avropa geosiyasi arealında yaşıl enerjiyə keçidin vacibliyini təşviq edən ölkələr sırasında yer alıb. Reallaşdırılan layihələr respublikamızın dünyaya daha yaxından tanıdılmasına, ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına, habelə alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadəsinə geniş imkanlar açır.

Bu gün öz işinə başlayan COP29-un bu baxımdan yeni imkanlar açacağı şübhəsizdir. COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan etdiyi qlobal təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəal iştirakını təşviq etmək, iqlim dəyişmələri ilə bağlı iddiaları artırmaq, bu məqsədlə maliyyə ayrılmasını genişləndirməkdir. Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 10-11-də Bakıda keçirilmiş Pre-COP29 tədbirinə ünvanladığı müraciətində COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini vurğulayaraq, “Bakı Sazişi”nin əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə edib. Konfransda dünyanın nüfuzlu transmilli korporasiyalarının, şirkətlərinin rəhbərlərinin iştirakı özəl sektorun iqlim problemlərinin həllində daha yaxından iştirakına, sərmayə qoyuluşlarına imkan yaradır.

50 mindən çox qonağın rəsmi qeydiyyatdan keçdiyi mötəbər konfransın məqsədi həm də iqlim dəyişiklikləri fonunda bəşəriyyət qarşısında duran aktual çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün birgə strategiya müəyyən etməkdir. Ən mühüm hədəflərdən biri də beynəlxalq səviyyədə birgə fəaliyyətin təşviqinə xidmət edəcək iqlim gündəliyinin formalaşdırılmasıdır.

Milli və dini zəmində qarşıdurmaların, ksenofobiya, islamafobiya kimi neqativ təzahürlərin gücləndiyi hazırki şəraitdə dünya ölkələrinin iqlim problemlərinin həllinə cəlb olunmaları, bu məqsədlə birgə layihələr həyata keçirmələri, yeni öhdəliklər götürmələri, geniş iqtisadi, mədəni və humanitar əlaqələr qurmaları obyektiv zərurətdir. Tədbirin aktuallığını şərtləndirən amillərdən biri də çağdaş dünyanın üzləşdiyi lokal və qlobal xarakterli problemlərdir. Bu mənada, “Yaşıl dünya naminə” həmrəylik devizi müxtəlif sivilizasiyalar arasında anlaşma mühitinin və konstruktiv əməkdaşlığın təmini baxımından da son dərəcə əhəmiyyətlidir.

Şərqlə Qərbi birləşdirən əlverişli məkanda yerləşən Azərbaycanın iqlim dəyişikliklərinin həllinə yönəlmiş təşəbbüsləri beynəlxalq miqyasda sülh və sabitliyin təmin edilməsinə, konfessiyalararası anlaşmanın və tolerant dünyagörüşünün inkişafına münbit zəmin yaradır. COP29-u “Sülh və atəşkəs” platforması elan edən respublikamız iqlim həmrəyliyinin dünyada birgəyaşayış və sabitlik mühiti formalaşdıran təsirli vasitə olmasına diqqəti çəkir. Hazırda dünyada 50-dən çox fəal münaqişə və müharibə ocağının mövcudluğu iqlim dəyişikliyi problemini daha da kəskinləşdirir.

Kəskin istiləşmə, quraqlıqlar, qasırğalar, dünyanın böyük hissələrini məhv edən daşqınlar və digər anomal təbiət hadisələri qlobal temperaturun sənaye inqilabından əvvəlki səviyyə olan 1,5 dərəcədən aşağı saxlanılmasını, emissiyaların hər il 9 faiz azaldılmasını zəruri edir. COP29-da bu məsələlərlə yanaşı, iqlim dəyişiklikləri ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılması da əsas müzakirə mövzularından biri olacaq.

Bir sözlə, Azərbaycan bu gün iqlim dəyişiklilərinə qarşı mübarizə hərakatının, sadəcə, iştirakçısı deyil, həm də fəal təşəbbüskarıdır. Rəsmi Bakı dünyanın ən müxtəlif ölkələrini COP29-un bayrağı altında birləşdirməklə, iqlim dəyişikliklərinə səbəb olan hər cür ziddiyyət və mübahisələri aradan qaldırmağı, mədəniyyətlərarası dialoqu vacib hesab edir. Ölkəmizin ciddi şəkildə dəstəklədiyi “İqlim naminə sülh və mədəniyyət” ideyası insanları sülh və barışa, əməkdaşlığa çağıran nəcib təşəbbüs kimi dəyərləndirilir.

MTM Analitik Qrup