
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən yayımlanan “CNNArabic” telekanalında Azərbaycanın Zaqatala rayonunda yerləşən qədim “Pəri qalası” haqqında reportaj efirə gedib.
Jurnalist Nurhan Əl-Qlauinin müəllifi olduğu reportajda amerikalı səyyah-bloger, fotoqraf Brendon Smitin bu qədim qalanın sirlərini açmaq üçün tədqiqat apardığı diqqətə çatdırılıb. O qeyd edib ki, “Pəri qalası” təbiətin və bəşər irsinin simfoniyası kimi zamanın sınaqlarına tab gətirə bilib. Belə ki, III-V əsrlərə aid olan bu abidə “oyulmuş qayaların əzəmətini və mürəkkəbliyini” nümayiş etdirir. Vaşinqtondakı universitetdə fotoqraf sənəti üzrə dərs deyən Brandon Smit qala haqqında təəssüratlarını tələbələri ilə bölüşür.
Telekanalın tamaşaçılarına məlumat verilib ki, dəniz səviyyəsindən 700-800 metr hündürlükdə yerləşən 2”Pəri qalası” qədim alban memarlığının əlçatmaz dağ zirvəsində tikilən ən təkrarolunmaz nümunəsi hesab edilir. Üç otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. Qalaya getmək üçün vaxtilə qayadan yonulmuş 1-1,5 metr enində yol olub. Həmin yolun qalıqları hələ də qalmaqdadır. Qayalıq ərazidə hərəkət etmək üçün xüsusi hazırlığı olan adamlar həmin cığırdan istifadə etməklə qalaya daxil ola bilirdilər.
Reportajda qeyd edilib ki, Qala ilə bağlı tədqiqatlar bu abidənin əvvəllər başqa cür adlandırıldığını göstərir. Bir sıra mənbələrdə qalanın XIV əsrin sonlarında Cənubi Qafqaza yürüş edən Teymurləngin qoşunlarına şiddətli müqavimət göstərmiş yerli əhalinin əsas istehkamlarından biri olması qeyd edilir. Əfsanəyə görə, qalaya hücum edən Teymurləngin qoşunlarına qarşı döyüş əməliyyatlarına Pəri adında qadın rəhbərlik edirmiş. Uzun sürən ağır döyüşlərdən sonra Teymurun əsgərləri məbədi çox çətinliklə də olsa tuturlar. Düşmən əlinə keçməmək üçün Pəri özünü qayadan atır. Ehtimal olunur ki, bu hadisədən sonra məbəd “Pəri qalası” adını alıb.