
Müasir dövrdə qlobal miqyasda fəaliyyət göstərən aparıcı texnoloji şirkətlər yalnız inkişaf etmiş ölkələrdə deyil, həm də yeni bazarlarda mövqelərini gücləndirmək niyyətindədirlər. Bu fonda belə şirkətlərin Azərbaycana maraqlarının da artan xətt üzrə inkişaf etməsi özünü qabarıq şəkildə büruzə verir. Ümumiyyətlə, Azərbaycan coğrafi mövqeyi, iqtisadi potensialı, dayanıqlı inkişaf strategiyası və rəqəmsal transformasiya istiqamətində atdığı addımlarla dünya texnoloji nəhənglərinin diqqət mərkəzinə çevrilməkdədir.
Avropa və Asiya bazarları arasında körpü rolunu oynayan ölkəmiz təkcə enerji resursları ilə deyil, həm də rəqəmsal infrastruktur potensialı ilə seçilir. Bu üstünlük beynəlxalq texnoloji şirkətlərin Azərbaycana marağını daha da artırır. Çünki burada qurulacaq hər bir layihə regionun digər ölkələrinə də çıxış imkanı yaradır. Bundan başqa, Azərbaycanın sabit siyasi mühiti, təhlükəsizlik baxımından etibarlı məkan olması da xarici investorlar üçün mühüm amildir. Dünyada bir çox texnologiya nəhəngi yeni bazarlara daxil olarkən məhz bu meyarlara üstünlük verir.
O da xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqəmsal iqtisadiyyat xüsusi hədəf kimi müəyyən olunub. Rəqəmsal transformasiya proqramlarının icrası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması, elektron hökumət xidmətlərinin genişlənməsi ölkənin texnoloji inkişafına yeni təkan verir. Bu istiqamətdə qəbul edilən dövlət strategiyaları xarici texnologiya şirkətləri üçün cəlbedici investisiya mühiti formalaşdırır. Digər tərəfdən ölkəmiz informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna böyük sərmayələr yatırır. Fiber-optik şəbəkələrin genişləndirilməsi, data mərkəzlərin yaradılması, bulud xidmətlərinin inkişafı ölkəni regional rəqəmsal mərkəzə çevirməkdədir. Ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən texnoparklar isə startapların və beynəlxalq şirkətlərin birgə əməkdaşlığı üçün əlverişli platforma rolunu oynayır.
Bütün bunlar digər ölkələrlə yanaşı, Çinin nəhəng texnoloji şirkətlərinin də Azərbaycana marağını artırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində keçirdiyi görüşlərdə sözügedən ölkənin müxtəlif texnoloji şirkətlərinin təmsilçiləri də yer aldı. Onlar sırasında Çinin “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen də yer alıb. Görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Qeyd edilməlidir ki, sözügedən şirkətlə ölkəmiz arasında yaşıl enerji, o cümlədən Azərbaycanda Günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlıq edilir. İndi “Energy China” şirkətini Azərbaycanda yeni layihələr, o cümlədən tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası layihələri maraqlandırır.
Çinin texnologiya nəhəngləri sırasında yer alan “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin də Azərbaycana marağı böyükdür. Prezident İlham Əliyev bu şirkətin təsisçisi və sədri Sie İ ilə də görüşüb. Görüşdə Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub. Burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur. Sie İ ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını və Azərbaycanla Çin arasında mövcud olan strateji əlaqələri nəzərə alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara gəldiklərini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin daha bir görüşü isə “CETC” (“China Electronics Technology Group Corporation”) korporasiyasının baş direktoru Cu Pen ilə olub. Görüşdə rəqəmsal texnologiyalar vasitəsilə milli idarəetmə sistemi və idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısının “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşündə isə Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər – nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Son Haylian Abşeron yarımadasında göllərin təmizlənməsi və bərpası ilə əlaqədar konseptual təkliflər təqdim edəcəklərini bildirib.
Bütün bunlar Çinin texnologiya şirkətlərinin Azərbaycana yüksək marağının yalnız bir neçə nümunəsidir. Nəzərə alınmalıdır ki, Azərbaycan ilə Çin arasında siyasi və iqtisadi münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyub. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkəmizin tranzit imkanlarının artması Çin şirkətlərinə Cənubi Qafqazda yeni bazara daxil olmaq fürsəti yaradır. Bakı–Tiflis–Qars dəmir yolu, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, yaxın perspektivdə işə düşəcək Zəngəzur dəhlizi çinli investorlar üçün Azərbaycana marağı daha da artırır. Texnologiya şirkətləri üçün bu amillər olduqca mühümdür, çünki logistika, məlumat axını və elektron ticarət sahəsində geniş imkanlar mövcuddur.
Hazırda Çin şirkətlərinin Azərbaycana marağı müxtəlif istiqamətlərdə özünü göstərir, telekommunikasiya və rabitə texnologiyaları, elektron ticarət və rəqəmsal xidmətlər, süni intellekt və innovativ texnologiyalar, nəqliyyat-logistika buna konkret misallar kimi göstərilə bilər. Çin texnologiya şirkətləri Azərbaycanda yalnız investisiya və texnologiya gətirməklə kifayətlənmirlər. Onlar gənc mütəxəssislərin hazırlanmasına da dəstək verirlər. Azərbaycanın inkişaf etməkdə olan startap mühiti də Çin şirkətlərinin diqqət mərkəzindədir. Bu şirkətlər yerli startaplarla əməkdaşlıq edərək həm yeni texnologiyaların tətbiqinə, həm də region bazarında möhkəmlənməyə çalışırlar. Elektron ödəniş sistemləri, mobil tətbiqlər və “ağıllı şəhər” layihələrində Çin təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan üçün Çin texnologiya şirkətlərinin fəaliyyəti bir neçə üstünlük yaradır. Əvvəla, bu lah informasiya-koomunikasiya infrastrukturunun modernləşməsinə, yeni texnologiyaların tətbiqinə əlverişli zəmin yaradır. Digər tərəfdən yerli mütəxəssislərin peşəkar inkişafı, elektron ticarətin genişlənməsi, innovasiya ekosisteminin möhkəmlənməsi kimi faktorlar da özünü qabarıq büruzə verir. Çin şirkətləri isə Azərbaycan bazarında öz məhsul və xidmətlərini tanıtmaqla yanaşı, Cənubi Qafqaz regionuna çıxış əldə edirlər. Beləliklə, Çin texnoloji şirkətlərinin Azərbaycana marağı hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Qarşıdakı illərdə Çin şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyət göstərəcəyi, xüsusilə telekommunikasiya, süni intellekt, elektron ticarət kimi layihələrdə iştirak edəcəyi gözlənilir. Nəticədə Azərbaycan–Çin texnoloji əməkdaşlığı ölkəmizin innovativ inkişafına təkan verir, iqtisadi şaxələnməni gücləndirir və Azərbaycanın qlobal rəqəmsal məkanla inteqrasiyasını sürətləndirir. Ümumiyyətlə, Çin və dünya texnoloji nəhənglərinin Azərbaycana marağı ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq, yeni iqtisadi imkanlar yaradacaq və ölkənin rəqəmsal liderlər sırasında yerini möhkəmləndirəcək.
MTM Analitik Qrup