
Çinin Şandon vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayışda həlak olanların sayı 9-a çatıb, bir nəfər hələ də itkin düşmüş hesab olunur.
Vilayət hökumətinin açıqlamasında bildirilir ki, bədbəxt hadisə mayın 1-də Lyaoçen şəhərindəki hidrogen-peroksid məhsulları istehsal edən zavodda baş verib, ardınca yanğın yaranıb. Yanğın nəzarət altına alındıqdan sonra hadisə yerində ilk olaraq 5 nəfərin meyiti aşkarlanıb. Axtarış işlərinin gedişində daha 4 nəfərin meyiti tapılıb. İtkin düşmüş hesab olunan şəxsin axtarışları davam edir.
Xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.
