ÇİN-YAPONİYA-KOREYA ÜÇBUCAĞINDA GƏRGİNLİK

Çin-Yaponiya diplomatik münaqişəsi bölgədə gərginlik yaradır. Əvvəllər digər aktyorlar bu gərginliyə görə çox narahatlıq yaşamırdılar, amma indi Pekin və Tokio hakimiyyətləri arasındakı mübahisə dolayı yolla Cənubi Koreya rəhbərliyinə təsir edib. Yaponiya, Çin və Cənubi Koreya hökumətlərinin bu ay üçün planlaşdırılan üçtərəfli sammit keçirməsi ehtimalı azdır. Yaponiya və Çin Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı münaqişə baş verəcəyi təqdirdə hərbi gücdən istifadənin mümkünlüyü barədə açıqlamasından sonra yaranan mübahisəni həll edə bilməyiblər.

Takaiçi açıq şəkildə bildirdi ki, Çin tərəfindən Tayvana qarşı mümkün hərbi əməliyyat Tokio üçün “varlıq təhlükəsi” yarada bilər və bu halda Yaponiya kollektiv müdafiə hüququnu tətbiq edərək hərbi cavab verə bilər. Bu kimi açıqlamalar Çin hökuməti tərəfindən Yaponiyanın regiondakı mövqeyini yenidən sərtləşdirməsi və “Bir Çin” prinsipinə qarşı siyasi meydan oxuma kimi qəbul edildi. Pekin bəyan etdi ki, belə vəziyyətdə yüksək səviyyəli üçtərəfli dialoqa şərait yoxdur və sammitin keçirilməsi məqsədəuyğun sayılmır.

Hətta gərginliyi azaltmaq üçün fürsət yaranarsa, Seul vasitəçi kimi çıxış etməyi təklif edir. Dayandırılmış sammit ənənəvi olaraq iqtisadi əməkdaşlığın, Şərqi Asiyada təhlükəsizlik məsələlərinin və inteqrasiyanın müzakirəsi üçün platforma rolunu oynayır. Sonuncu görüş uzun fasilədən sonra 2024-cü ilin may ayında baş tutub və tərəflər növbəti raund üçün hazırlıqlara əvvəlcədən başladılar və onu dekabr ayında keçirməyi planlaşdırdılar. Əlbəttə ki, üçtərəfli sammit region üçün həlledici deyil. Elm, texnologiya və iqlim dəyişikliyi kimi adi sahələrdə işlərə dair bəyannamələrə çevrilən son görüşün nəticələrini xatırlamaq kifayətdir. Təbii ki, yaxın keçmişdə sammit regional tələblərə cavab verirdi, çünki üç ölkə inteqrasiyadan danışırdı, amma indi vəziyyət dəyişib. Hətta o zaman belə, bu məqsədlər, bu gün bir yana, olduqca qeyri-real görünürdü. 2025-ci il sammitinin potensial ləğvi, bu təşviq etmək üçün yaradılan inteqrasiya alətinin niyə işləmədiyinin bariz nümunəsidir.

Sammitin ləğvi təkcə siyasi səviyyədə deyil, mədəni əməkdaşlıq sahəsində də təsirini göstərdi. Çin Yaponiya və Cənubi Koreya ilə mədəniyyət nazirlərinin toplantısını da təxirə saldı. Bu isə göstərdi ki, yaranmış gərginlik yalnız təhlükəsizlik və strateji məsələlərə toxunmur, həm də insanlararası əlaqələrdən tutmuş sosial və humanitar əməkdaşlığa qədər bütün kanallara sirayət edir. Belə bir fon üç ölkə arasında etimadın əvvəlki dövrlərlə müqayisədə nə qədər zəiflədiyini nümayiş etdirir.

Məsələnin arxa planında ABŞ-Çin rəqabəti də xüsusi yer tutur. Yaponiya Tayvan üzrə mövqeyini sərtləşdirdikcə ABŞ ilə təhlükəsizlik əməkdaşlığı daha açıq şəkildə ön plana çıxır. Bu isə Pekini üçtərəfli formatı tarazlaşdırılmış üçtərəfli əməkdaşlıq platforması kimi deyil, Yaponiyanın Vaşinqtonla yaxınlaşmasının əksi kimi görməyə vadar edir. Nəticədə sammit mexanizminin siyasi çəkisi azalır və onun gələcəyi qeyri-müəyyənləşir. Bu vəziyyət Cənubi Koreyanı da çətin vəziyyətə salır. Seul uzun illərdir Tokio və Pekin arasında nisbi balans yaratmağa çalışsa da, indiki şəraitdə nə vasitəçilik təklifləri real qarşılıq tapır, nə də qarşılıqlı etimad mühiti dialoqa imkan yaradır. Beləliklə, Koreya üçün həm diplomatik təşəbbüs imkanları məhdudlaşır, həm də regionda özünün təhlükəsizlik və iqtisadi maraqlarını optimal şəkildə qorumaq daha mürəkkəb olur.

Bütün bunlar göstərir ki, Yaponiya, Çin və Koreya arasında sammitin ləğvi təkcə diplomatik gündəmin bir epizodu deyil. Bu hadisə Şərqi Asiyada güc balansının dəyişməsini, Tayvan məsələsinin regionun təhlükəsizlik arxitekturasına birbaşa təsirini və üç ölkə arasında strateji etimadın tarixi minimuma enməsini simvolizə edir. Yaxın gələcək üçün əsas sual bu gərginliyin nə qədər dərinləşəcəyi və tərəflərin dialoqu bərpa etmək üçün hansı diplomatik jestlərə hazır olacağıdır. Hazırkı şəraitdə isə vəziyyət göstərir ki, sammit mexanizminin yenidən canlanması yalnız uzunmüddətli diplomatik səylər və qarşılıqlı siyasi mövqe yumşaldılması sayəsində mümkün ola bilər.

MTM Analitik Qrup