
ABŞ və dünyanın bir çox ölkələri arasında başlanan ticarət müharibəsi qlobal iqtisadiyyatda, xüsusən də idxal-ixrac əməliyyatlarında mühüm dəyişikliklərə səbəb olmaqdadır. Belə görünür ki, yükdaşımaların istiqamət və həcmindən tutmuş onların dövriyyəsinə qədər geniş diapozonda tezliklə mühüm dəyişikliklər qeydə alınacaq. Məhz bu kontekstdə Azərbaycan üzərindən daha çox həcmdə yük daşınmasına dünyanın bir sıra siyasi və iqtisadi güc mərkəzlərinin olduqca böyük ehtiyac duyması da diqqətdən yayınmır. Söhbət konkret olaraq Avropa İttifaqı və Çin kimi güc mərkəzlərindən gedir.
ABŞ-ın başlatdığı tarif müharibəsi fonunda Avropa Çin mallarının tədarükünün artmasına və bununla ümumi qiymətlərin aşağı düşməsinə nail olmağa can atır. Hətta bundan irəli gəlir ki, Çin və Avropa İttifaqı eyni vaxtda qarşılıqlı siyasi, ticarət sanksiyalarını ləğv etməyə hazırlaşır. İndiki vəziyyətdə bu, hər iki tərəfin marağına cavab verir. Çin bu durumda ixrac imkanlarını qoruyub saxlaya biləcək, Avropa isə sözügedən ölkədən artan idxal sayəsində inflasiyanın yüksəlməsinin qarşısını alacaq. Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard da bildirir ki, ABŞ-ın yeni tarifləri və Çinlə anlaşmalar fonunda Avropada inflyasiyanın azalmasına nail olmaq mümkün olacaq. Onun sözlərinə görə, ABŞ tarifləri Avropa üçün inflyasiya deyil, deflyasiyaya səbəb ola bilər: “Çin həddindən artıq potensiala sahib olacaq və ixracını harasa, bəlkə də Avropaya yönləndirmək istəyəcək və bu, qiymətlərə azaldıcı təsir göstərəcək”. Laqard onu da bildirib ki, Avropa Mərkəzi Bankı artıq inflyasiyanın 2 faizlik hədəf səviyyəsinə qaytarılması məqsədinə demək olar, nail olub: “Ancaq şoklar qalmaqdadır. Onların inflyasiyaya son təsiri Avropada və başqa yerlərdə görülən əks tədbirlərdən asılı olacaq”.
Hazırda Avropanın maraq dairəsində yer alan əsas məsələlərdən biri Çinlə sanksiyaların qarşılıqlı şəkildə ləğvinə nail olmaqdır. Çin də müvafiq addımlar atır. Avropa Parlamentinin sədri Roberta Metsola sanksiyaların ləğvinin hər iki tərəfin xeyinə olacağını bildirir: “Həmişə Avropa Parlamentinin niyyəti sanksiyaların götürülməsi və Çinlə münasibətlərin bərpası olub”. Sanksiyaların qarşılıqlı şəkildə aradan qaldırılması ilə bağlı müzakirələr ABŞ prezident Donald Trampın Avropa İttifaqına, Çinə qarşı davam edən ticarət müharibəsi fonunda baş verir. Xatırlatmaq lazım gəlir ki, Çinin ən böyük ixrac bazarı olan ABŞ-ın tətbiq etdiyi 145 faizlik tariflər, Pekinin buna 125 faizlik rüsumla cavabı bu iki ölkə arasında ticarət dövriyyəsini sürətlə aşağı salır. Avropa İttifaqı isə ABŞ-ın 20 faizlik rüsumuna məruz qalıb. Düzdür, ABŞ bu rüsumların müddəti və dərəcəsi ilə bağlı müəyyən dəyişikliklər edir, amma atılan addımlar ticarət müharibəsinin tam aradan qaldırlmasına xidmət etmir. Elə bu səbəbdən Çin və Avropa İttifaqı gərgin münasibətlərini indi yaxşılaşdırmağa çalışırlar.
Qeyd edilməlidir ki, rəsmi Pekin 2021-ci ildə Avropa Parlamentinin bir neçə üzvünə qarşı sanksiyalar tətbiq edib. Bu addım Brüsselin Çin rəsmi şəxsləri və qurumlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra atılıb. Həmin vaxt Avropa Parlamenti Çinlə ticarət əlaqələrini dərinləşdirmək məqsədilə hazırlanmış Avropa İttifaqı-Çin Hərtərəfli İnvestisiya Sazişinin təsdiqini dayandırıb. Amma indi vəziyyət dəyişir. Bunlar o zamana təsadüf edir ki, ABŞ və Çin bir-biri ilə ticarəti tamamilə dayandırmaq həddinə yaxınlaşırlar. Belə vəziyyətdə əvvəllər ABŞ üçün nəzərdə tutulmuş Çin malları digər istiqamətlərlə yanaşı, Avropaya da yönləndiriləcək ki, bu da Avropa İttifaqı daxilində həmin məhsulların qiymətinin azalmasına səbəb olacaq.
Beləliklə görünən odur ki, Çin hakimiyyəti ABŞ-la ticarət münaqişəsindən itkiləri kompensasiya etmək və ixrac axınının istiqamətini dəyişmək üçün Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı gücləndirməyə çalışır. Çin Makroiqtisadi Tədqiqatlar Akademiyasının baş elmi işçisi Zanq Yanşeq bununla bağlı bildirir: “Çin və Avropanın münasibətlərinin yeni mərhələdən başlamasının vaxtıdır. Trampın səbəb olduğu ticarət sarsıntısı bizə ticarət əlaqələrimizi yenidən nəzərdən keçirmək imkanı verir. Çin Avropaya daha çox məhsul ixrac etməli və ondan daha çox idxal etməlidir”. Əslində, son proseslərə qədər də Çin və Avropa İttifaqı ən mühüm ticarət tərəfdaşları olub. Belə ki, Çin üçün Avropa İttifaqı ikinci ən böyük ixrac bazarıdır, Avropa İttifaqı üçün isə Çin əsas ticarət tərəfdaşıdır. 2024-cü ildə qarşılıqlı ticarət 785,82 milyard ABŞ dollarına çatıb. Avropa İttifaqına bütün tədarüklərin təxminən 21,3 faizi Çinin payına düşür. Öz növbəsində Avropa İttifaqının bütün ixracının təxminən 8,3 faizi Çinə yönəlib. Bu ticarət dövriyyəsinin müəyyən bir hissəsi də məhz Azərbaycan üzərindən reallaşıb. İndi Prezident Donald Trampın tarif siyasətinə qarşı çıxmaları fonunda Avropa ilə Çin arasında qeydə alınan yaxınlaşma Azərbaycan üzərindən daha çox yük daşınmasını şərtləndirəcək.
Burada nəzərə alınmalıdır ki, Azərbaycan və Çin münasibətlərini hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırırlar. Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri çərçivəsində əldə olunan razılıqlar, imzalanan sənədlər iqtisadi münasibətləri də əhəmiyyətli dərəcədə yüksəldəcək. Bu kontekstdə Çin Azərbaycan üzərindən daha çox yüklərin nəqlində maraqlı tərəf qismində çıxış edir. Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti də yazır ki, Azərbaycan və Çin liderlərinin görüşündən sonra hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatla yanaşı, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb. Bu, müxtəlif istiqamətlər, o cümlədən iqtisadi sferada qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirməyə imkan verəcək. O da xüsusi vurğulanır ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz, onun əsas qovşağı olan Azərbaycan Çin və Avropanın bağlantısında mühüm rol oynayır. Lancou Universitetinin Mərkəzi Asiya İnstitutunun professoru Sun Siuven bununla bağlı bildirib: “Azərbaycanla yeni imzalanmış sənədlər logistikanın standartlaşdırılmasını təşviq etməklə, transsərhəd gömrük prosedurlarını təkmilləşdirərək ticarəti asanlaşdırmaqla Çin-Avropa quru-dəniz marşrutunun səmərəliliyini artıracaq”.
Azərbaycanın malik olduğu imkanlar Qərbdə də yüksək qiymətləndirilir. Məsələn, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans qeyd edir ki, Azərbaycanın təkmilləşdirilmiş infrastrukturu və mövcud boru kəmərləri regionun strateji nəqliyyat dəhlizi kimi mövqeyini gücləndirir: “Bu amillər tədarük zəncirinin təhlükəsizliyini təmin edir ki, bu da xüsusilə indiki şəraitdə Qərb üçün həyati əhəmiyyət daşıyır”. Bütün bunlar Azərbaycan üzərindən yükdaşımaların həcminin daha böyük sürətlə artcağını deməyə əsas verir. Nəticə etibarı ilə bu, həm də ölkəmizin qlobal miqyasda iqtisadi, siyasi mövqelərinin daha da güclənməsinə əlverişli zəmin yaradır, Azərbaycanın uğurlu siyasətinin növbəti göstəricisi kimi çıxış edir.
MTM Analitik Qrup