
Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ölkələrarası münasibətlər tarixində strateji baxımdan mühüm hadisədir. Bu sənədin qəbuluna qədər ötən il Astanada ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə bu günə qədər gedilən yolun başlanğıc nöqtəsi olmuşdu. İndi isə münasibətlər daha yüksək pilləyə — hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, sadəcə diplomatik akt deyil, Azərbaycanın çoxqütblü dünyada öz yerini daha güclü və davamlı şəkildə möhkəmləndirməsi baxımından əhəmiyyətlidir.
Müasir beynəlxalq hüquq və diplomatiyada “strateji tərəfdaşlıq” termini adətən iki dövlətin uzunmüddətli, qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmaq niyyətini ifadə edir. Lakin bu anlayış “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə çatdıqda əməkdaşlığın yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmadığı, həm də hərbi-texniki, təhlükəsizlik, humanitar, təhsil, texnologiya və ekoloji sahələri də əhatə etdiyi anlamına gəlir. Çin bu statusu dünyada çox az sayda ölkəyə verir. Azərbaycanın bu siyahıya daxil edilməsi Bakı ilə Pekin arasında qarşılıqlı etimadın və geosiyasi dəyərləndirmənin yüksək səviyyədə olduğunu sübut edir. Bu həm də onu göstərir ki, Çin Azərbaycanın regional sabitlikdə və qlobal enerji təhlükəsizliyində rolunu strateji baxımdan dəyərləndirir.
Çin üçün Azərbaycanın cazibədarlığı onun coğrafi mövqeyindən, siyasi sabitliyindən və iqtisadi potensialından qaynaqlanır. Azərbaycan Avrasiyanın kəsişməsində yerləşən, enerji ehtiyatlarına sahib və böyük infrastruktur imkanları olan nadir ölkələrdəndir. Xüsusilə “Orta dəhliz” layihəsi çərçivəsində Azərbaycanın rolu əvəzolunmazdır. Bu dəhliz Çinin Sintszyan-Uyğur Muxtar Rayonundan başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanır. Azərbaycan bu zəncirin tam mərkəzində yerləşərək Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Qafqaz ayağını təşkil edir. Azərbaycanın nəqliyyat-logistika potensialı həm Çin, həm də digər tərəfdaş ölkələr üçün strateji dəyər daşıyır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və yenilənmiş avtomobil yolları Azərbaycanı Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən qlobal platformaya çevirir.
Bəyannatın əsas istiqamətləri və gözləntilərə gəlincə qeyd etməliyik ki, Çin və Azərbaycan arasında imzalanan sənəd əməkdaşlığın bir neçə istiqamətlərdə dərinləşdirilməsini nəzərdə tutur. Bildiyimiz kimi, Çin dünyada ən böyük enerji istehlakçılarından biri olmaqla yanaşı, enerji təhlükəsizliyini təmin etmək üçün mənbələri diversifikasiya etməyə çalışır. Azərbaycan isə zəngin karbohidrogen ehtiyatları və enerji ixrac infrastrukturuna malik ölkə kimi Çinin bu məqsədlərinə uyğun gəlir. SOCAR və CNPC kimi nəhəng dövlət şirkətləri arasında yeni əməkdaşlıqlar gözlənilir. Eyni zamanda, Çin şirkətləri Azərbaycanın yaşıl enerji layihələrinə — xüsusilə külək və günəş stansiyalarının qurulmasına da maraq göstərir. Bununla yanaşı, Orta dəhlizdə əməliyyatların daha da səmərəli olması üçün Çin və Azərbaycan arasında nəqliyyat sistemlərinin qarşılıqlı inteqrasiyası, vahid tarif siyasətinin formalaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi əsas hədəflər sırasındadır. Bakı limanı ilə Çin limanları arasında rəqəmsal koordinasiya sistemi üzərində işlər aparılır. Daha bir mühüm istiqamət texnologiya və rəqəmsal transformasiyadır. Çünki Çin texnoloji infrastruktur sahəsində dünya lideridir. Azərbaycanın “rəqəmsal iqtisadiyyat” və “e-hökumət” istiqamətindəki inkişaf prioritetləri Çinlə bu sahədə əməkdaşlığı aktuallaşdırır. Regional təhlükəsizlik, transmilli cinayətkarlıqla mübarizə, informasiya təhlükəsizliyi sahələrində Çinlə əməkdaşlıq Azərbaycana qlobal çağırışlara qarşı daha möhkəm dayanmağa imkan verəcək. Bundan əlavə, mədəni və humanitar əlaqələrin dərinləşməsi də diqqət mərkəzində olacaq.
Azərbaycanın Çinlə münasibətlərini dərinləşdirməsi bəzi dairələr tərəfindən Qərb və ya Rusiya ilə münasibətlərə alternativ kimi dəyərləndirilsə də, bu yanaşma kökündən yanlışdır. Azərbaycan çoxvektorlu xarici siyasət xəttinə sadiqdir. Bu siyasət Azərbaycanın müstəqil və qlobal səviyyədə manevr qabiliyyətinə malik ölkə kimi imicini gücləndirir. Ona görə də Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq Birgə Bəyanat Azərbaycanın XXI əsrin geopolitikasında daha ciddi və müstəqil aktora çevrilməsi baxımından yeni imkanlar açır. Bu sənəd təkcə iki ölkə arasında ikitərəfli münasibətlərin deyil, həm də Azərbaycanın beynəlxalq imicinin formalaşmasında yeni mərhələnin başlanğıcını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu – milli maraqlara söykənən, balanslaşdırılmış və qabaqlayıcı diplomatiya nümunəsi kimi Azərbaycanın regional və qlobal platformalarda nüfuzunu artırır. Çinlə əməkdaşlıq isə bu siyasətin ən vacib sütunlarından birinə çevrilməkdədir.
MTM Analitik Qrup