
“Characters” Müasir Dramaturgiya Festivalı çərçivəsində Bakı Marionet Teatrında dramaturq İsmayıl İmanın “Niyə pyes yazmaq lazımdır?” adlı ustad dərsi keçirilib.
Ustad dərsi zamanı festivalın kuratoru İsmayıl İman festivalla bağlı bir neçə xəbər paylaşıb.
Məlumat verilib ki, pyeslərin qəbul 2024-cü il fevralın 15-dək uzadılır. Pyeslər münsiflər heyətinə anonim şəkildə göndərilir, müəllif qeyd olunmur.
Bildirilib ki, EURODRAM – “European Network for Drama in Translation” (Avropanın dram əsərlərin tərcümə şəbəkəsi) “Characters” Müasir Dramaturgiya Festivalının tərəfdaşı kimi qoşulub. Festivalda qalib gələn pyeslər EURODRAM Azərbaycan Komitəsi tərəfindən təqdim olunan pyeslər kimi avtomatik seçiləcək.
Həmçinin festivalda münsiflər heyətinin tərkibi də açıqlanıb.
İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə həyata keçirilən layihənin tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Yuğ Teatrı, Bakı Marionet Teatrı, Teatro.az sənət portalı, Katalizator Art Hub və TOTD İctimaiyyətlə əlaqələr təşkilatıdır.
Festival çərçivəsində ilk mərhələ 18-50 yaş arası dramaturqların son 5 il ərzində yazdığı pyeslərdən ibarət dramaturgiya müsabiqəsidir. Müsabiqəyə qəbul edilən pyeslər jüri tərəfindən qiymətləndiriləcək. Qalib gələn pyeslər 2024-cü ilin yazında rejissor oxunuşu şəklində teatr mütəxəssislərinə və tamaşaçılara təqdim olunacaq, quruluş üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə ediləcək. Birinci yerin qalibi olan pyes festivalın tərəfdaşı Yuğ Dövlət Teatrının səhnəsində tamaşaya qoyulacaq.

