Sentyabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfəri çərçivəsində xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Qordan Qrliç Radman arasında təkbətək, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.
Görüşdə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli görüşlərin, davamlı siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin, beynəlxalq təşkilatlar çərçivəsində sıx təmasların strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində mühüm rolu vurğulanıb.
Tərəflər Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıblar. Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli imkanların mövcudluğu vurğulanıb.
Nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükəsizliyə təhdid yaratdığı bildirilib.
Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbaycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd edilməsinin “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut yetirdiyi diqqətə çatdırılıb.
Görüşün ardınca xarici işlər nazirləri tərəfindən ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra tərəflər görüşün nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.