CEYHUN BAYRAMOV VƏ ABBAS ƏRAQÇİ İRAN ƏTRAFINDA VƏZİYYƏTİN DİPLOMATİK HƏLLİ İMKANLARINI MÜZAKİRƏ EDİBLƏR

Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.

Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib. Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.