CEYHUN BAYRAMOV TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞÜB

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərliik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşdü. Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğuladı.

F.Kaymakçı nazir Mevlüt Çavuşoğlunun salamlarını çatdırdı. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd etdi. Nazir müavini Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək, bu xüsusda təşəkkürünü ifadə etdi.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi apardılar.